BMT Baş katibi Antonio Quterreş, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna lideri Vladimir Zelenski arasında gözlənilən danışıqlar ərzaq təhlükəsizliyi ilə bağlı olacaq.
Azpost.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
Onun sözlərinə görə, ABŞ avqustun 18-də Lvovda keçiriləcək görüşü və tərəflərin Ukrayna taxılının ixracı üzrə birgə səylərini alqışlayır.
“Baş katib Quterreş, prezidentlər Zelenski və Ərdoğanın müzakirə edə biləcəyi bir sıra mühüm məsələlər var. Əsas diqqət ərzaq təhlükəsizliyi və Türkiyənin Ukraynanın Qara dəniz limanlarından taxılın sərbəst ixracını asanlaşdırmaq üçün göstərdiyi səylər olacaq”, – Prays deyib.
Onun sözlərinə görə, artıq 20-dən çox taxıl daşıyan gəmi Ukrayna ərazisini tərk edib ki, bu da müsbət haldır: “Gəmilərin əksəriyyəti Birgə Koordinasiya Mərkəzində yoxlandıqdan sonra təyinat yerinə yola düşüb”.
Azpost.info
