Rusiya parlamentinin alt palatası – Dövlət Duması hökumətə sosial şəbəkələri və xidmətləri bağlamaq səlahiyyəti verən qanun layihəsini üçüncü və sonuncu oxunuşda qəbul edib.
Azpost.info “Svoboda” radiosuna istinadən bildirirki, qanun layihəsinə görə sözügedən şəbəkə və xidmətlər Rusiya KİV-lərinə qarşı senzura tətbiq etmək barədə qərar qəbul edəcəyi halda hökumət bu addımı atacaq.
Sənəd parlamentə noyabrın 19-da təqdim olunub və təcili qaydada qəbul edilib.
Qanun layihəsində “insanın və Rusiya vətəndaşının təməl hüquqlarını və azadlıqlarını məhdudlaşdıran” informasiya resurslarının sahibi üçün xüsusi status nəzərdə tutulur.
Belə saytlar hüquq və azadlıqların pozulmasında təqsirli hesab olunduğu halda baş prokurorluğun Xarici İşlər Nazirliyinin razılaşdırılmış təqdimatı əsasında Roskomnadzora sözü gedən saytların tam və ya qismən bloklanması səlahiyyəti verilir.
Solovyovun verilişi
Bundan əvvəl Roskomnadzor YouTube, Facebook və Twitter sosial şəbəkələrinin Rusiya resurslarına ümumi moderasiya qaydaları tətbiq etmələrini tənqid edib. Məsələn YouTube, Rossiya-1 telekanalının Beslan şəhərində məktəbin girov götürülməsindən bəhs edən filminə yaş senzurası qoyub.
Youtube bu kanalın başqa videolarına da nişan, xəbərdarlıq və yarlıqlar tətbiq edib. Moskva, məsələn, teleaparıcı Vladimir Solovyovun proqramının YouTube trendinə qaytarılmasını tələb edib.
Cərimələr qoyulur, amma necə alınacağı bilinmir
Bundan başqa dekabrın 23-də Dövlət Duması Rusiyada qadağan edilmiş material və informasiyaları Roskomnadzorun tələbi ilə silməkdən imtina edən internet provayderləri üçün cərimələr tətbiq edən qanunu qəbul edib. Bu qanun layihəsində xarici saytları illik dövriyyəsinin beşdə biri məbləğində cərimələmək təklif olunur.
Beynəlxalq şirkətlərə tətbiq olunacaq cərimələr, beləliklə, yüz milyonlarla və hətta milyardlarla dollara çata bilər. Lakin qanunda Rusiya dövlətinin xarici şirkətlərdən bu pulları necə alacağı göstərilmir.