Dövlət Komitəsi Masallıda 14 yaşlı qızın nişanlanmasına münasibət bildirib

08 İyun 2021 - 12:24

“Lənkəran şəhərində İstirahət Mərkəzlərinin birində 5 may 2021-ci il tarixində azyaşlı qız üçün nişan mərasimi təşkil edilməsi və nişanlanan qızın Masallı rayon Bədəlan kənd sakini, Bədəlan kənd tam orta məktəbinin 8-ci sinif şagirdi olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar doğrudur”.

Bunu APA-ya açılamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib. O bildirib ki, baş vermiş xoşagəlməz hadisənin qarşısı alınıb: “Baxmayaraq ki, mərasim hər iki ailənin, nişan mərasimi baş tutan azyaşlının və onunla nişanlananın razılığı ilə baş tutub. Hüquq-mühafizə orqanları və rayon icra hakimiyyətinin nümayəndələri ailədə olublar. Hər iki ailə məlumatlandırılıb ki, əgər toy mərasimi təşkil olunarsa, qanunvericiliyə uyğun tədbir görüləcək. 18 yaşadək bu toy başa tuta bilməz”.

T. Mərdanoğlu qeyd edib ki, Seymur adlı şəxs Rusiya vətəndaşı olduğu üçün Miqrasiya Xidmətinə də məlumat verilib: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq Masallı rayon İcra Hakimiyyəti yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasına məsələnin nəzarətdə saxlamaları barədə müraciət olunub”.

Qeyd edək ki, yayılan məlumatlara görə, 14 yaşlı məktəbli qızın özündən 24 yaş böyük olan Seymur adlı nişanlısı ilə dərs ili sona çatdıqdan sonra yaxın günlərdə Rusiyaya köçəcəyi deyilirdi.