Koronavirus pandemiyasından zərər çəkən sahibkarlara dövlətin verəcəyi dəstəyin detalları məlm olub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, hər işçiyə görə, dövlət tərəfindən ödəniş veriləcək. Şirkətlərə əmək haqqı fondunun 50%-i qədər yardım ediləcək.
Nazir bildirib ki, hazırda 1,5 milyon nəfər muzdlu işçi var. Bunun 915 mini dövlət və neft sektorunda çalışır. Qalan hissə isə 640 min nəfərdir. Proqramın əhatə edəcəyi 304 min nəfər işçi isə bunların 44%-ni təşkil edir.
Dəstək verilərkən işçilərin real əmək haqqı və ölkə üzrə orta aylıq əmək haqqı nəzərə alınacaq. Yəni maksimum məbləğ orta aylıq əmək haqqı (721 manat) olacaq.
Başqa sözlə, işləyənin maaşı orta aylıq əmək haqqından artıq olsa, ona orta aylıq əmək haqqı qədər ödəniş ediləcək.
Nazir bildirib ki, virusun 100% təsir etdiyi 11 sahə var. Bunlar ictimai iaşə, xidmət sektoru, turizm və sairdir. Dövlət dəstəyi bu sahələrdə muzdlu işçi kimi çalışan hər bir işçini əhatə edəcək.
Daha 9 sahədə isə mənfi təsir «əhəmiyyətli» həddədir. Bunlar üçün 70% əmsal müəyyən edilib. Nazir qeyd edib ki, hazırda ən yüksək maaş alanlar rabitə və bank-maliyyə sığorta sahəsində çalışanlardır.