Dövlət Komissiyası iki ayda nə qədər narkotik və narkoman aşkar edib? –HESABAT

Cari ilin yanvar-fevral ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasından verilən məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1980 cinayət faktı aşkarlanıb. Onlardan 566-sı narkotik vasitələrin qanunsuz satışı, 1411-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 3-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi ilə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 212 kiloqram 963,32 qram narkotik vasitələrin və psixotrop maddələrin 156 kiloqram 764,35 qramı heroin, 956 kiloqram 069,646 qramı marixuana, 22 kiloqram 542,606 qramı tiryək, 22 kiloqram 849,45 qramı həşiş, 53 kiloqram 320,665 qramı psixotrop maddələr, 1 kiloqram 416,6 qramı digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 690 həb metadon, 186,3 qram güclü təsir edən maddə və 6 çətənə kolu qanunsuz dövriyyədən götürülüb.

2024-cü ilin yanvar-fevral ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 1 ton 212 kiloqram 963,32 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 34 milyon 344 min AZN kimi qiymətləndirilir.

Məsuliyyətə cəlb edilmiş 17 xarici ölkə vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 96 kiloqram 387,564 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 43 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 500 kiloqram 432,751 qram və 690 ədəd həb metadon narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 40-ı qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 331 kiloqram 448,9 qram narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

249 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 254 kiloqram 730,1 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Təhlil göstərir ki, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 55, narkotiklərin qanunsuz satışı ilə bağlı faktların sayı 93, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 6, digər növ cinayət faktların sayı 17, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 7, qrup halında olan cinayətlərin sayı 8 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 262 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 138 kiloqram 741,97 qram azalıb, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı isə 61 fakt artıb.

Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 13892 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 399 nəfərdən 285 nəfəri istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

“802” qaynar xətt telefon zəng xidmətinə 84 vətəndaş müraciəti daxil olub ki, onların 25-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 27-si narkotik asılılıqdan müalicə, 32-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 52 məktub ünvanlanıb.

Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

Əvvəlki məqalə

Ötən il Azərbaycanda 160 min hektara yaxın sahə quraqlığa görə məhv olub

Sonrakı məqalə

Bu şəxslərin vergi orqanlarında xidmətə qəbulu qadağan olunacaq