Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının institusional akkreditasiya qiymətləndirilməsinin nəticələri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
2025–2026-cı tədris ili üzrə institusional akkreditasiya qiymətləndirilməsi aparılan ali təhsil müəssisələrinin siyahısında Dövlət İdarəçilik Akademiyasının da adı yer alıb. Son günlər mediada və sosial şəbəkələrdə Akademiyanın qiymətləndirmədən mənfi nəticə aldığı barədə məlumatlar yayılıb.
Elm və Təhsil Nazirliyindən məsələ ilə bağlı bildirilib ki, ali təhsil müəssisələrinin institusional akkreditasiyası təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. Qiymətləndirmənin nəticələri isə Akkreditasiya Şurasının iclasında müzakirə olunur və bundan sonra müvafiq qərar qəbul edilir.
Nazirliyin açıqlamasında vurğulanıb ki, Şuranın qərarları barədə ictimaiyyətə rəsmi məlumat verilir.
“Bununla əlaqədar, Akademiyanın institusional akkreditasiya qiymətləndirilməsinin nəticələri barədə yayılan məlumatların rəsmi qərar kimi təqdim olunması düzgün deyil. Məsələ ilə bağlı ictimaiyyətə yalnız səlahiyyətli qurumların rəsmi məlumatlarına istinad etməyi tövsiyə edirik”, – deyə nazirlikdən bildirilib.
Beləliklə, Dövlət İdarəçilik Akademiyasının akkreditasiya qiymətləndirilməsindən mənfi nəticə alması ilə bağlı yayılan məlumatlar hələlik rəsmi qərar kimi təsdiqlənməyib. Yekun nəticə Akkreditasiya Şurasının qərarından sonra açıqlanacaq.
