DTX Neftçala Mərkəzi Xəstəxanasının baş həkimini saxlayıb

21 Fevral 2020 - 11:17

Xəbər verdiyimiz kimi, dünən Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevi rüşvət alarkən saxlayıb.

Saxlanılan şəxslər arasında Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov da var.

Bu barədə məlumatı xəstəxanadan təsdiqləyiblər.

DTX-nin yaydığı rəsmi açıqlamada bildirilir ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Xatırladaq ki, baş verən hadisədən dərhal sonra Prezident İlham Əliyevin sərəncamı ilə İ. Vəliyev vəzifəsindən azad edilib. (Unikal.az)