“Dünya əfqan xalqını tərk etdi” –Əhməd Şah Məsudun oğlu bədbindir

“Əfqanıstan bu gün dünya üçün 2001-ci ildəkindən daha böyük təhlükədir”.

Bu sözləri BBC radiosuna müsahibəsində  Talibana qarşı müqavimət hərəkatının məşhur lideri Əhməd Şah Məsudun oğlu Əhməd Məsud deyib.

Əslən Kabilin şimalındakı Pəncşir əyalətindən olan təcrübəli komandir Əhməd Şah Məsuda “Pəncşirin aslanı” deyirdilər. “Əl-Qaidə” onu 9 sentyabr 2001-ci ildə – ABŞ-da törətdiyi terror aktlarından iki gün əvvəl öldürmüşdü.

Əfqanıstanın silahlı islam qruplaşması olan Taliban o dövrdəki hakimiyyətinin son dövründə ölkədə digər cihadçı qrupların da yerləşməsinə icazə vermişdi.

Oğlu Əhməd Məsudun 33 yaşı var, amma artıq atasının yolunu davam etdirir.

Şah Məsudun oğlu tarixin təkrarlanacağından qorxur.

“Terrorçular üçün sığınacaq”

Əhməd Məsud deyib ki, onun ölkəsi yenidən İŞİD və “Əl-Qaidə”nin, o cümlədən, öz ekstremist ideologiyalarını dünyaya ixrac etmək istəyən onlarla digər terrorçu qruplaşmanın sığınacağına çevrilib. Qərbin dəstəklədiyi Əfqanıstan hökuməti ötən ilin avqustunda – xarici ölkələrin qoşunlarını ölkədən çıxandan az sonra süqut edib. 20 ildən çox mübarizə aparan Taliban yenidən hakimiyyəti ələ keçirib.

BBC-yə eksklüziv müsahibəsində Əfqanıstanın təcili surətdə diqqətə və siyasi sabitliyə ehtiyacı olduğunu deyən Əhməd Məsud xəbərdarlıq edib ki, dünya Əfqanıstana məhəl qoymamaqdan vaz keçməlidir. Onun sözlərinə görə, terrorçu qruplar iğtişaşlardan istifadə edərək xarici ölkələrin maraqlarını hədəf alacaq.

Belə bir xəbərdarlıqla 11 sentyabr hadisəsindən cəmi bir neçə gün əvvəl onun mərhum atası Əhməd Şah Məsud da çıxış etmişdi. Əhməd Məsud deyir ki, o vaxt atasının xəbərdarlığına məhəl qoyulmadığı üçün bu gün dünya bunun fəsadlarını yaşayır.

O, Əfqanıstandakı vəziyyətin atasının dövründəkindən qat-qat pis olduğunu bildirir: “Mən çox ümid edirəm ki, dünya və xüsusilə də Avropa Əfqanıstanın yaratdığı təhlükələrin ciddiliyini dərk edəcək və düşünülmüş şəkildə müdaxilə edərək Əfqanıstanda hesabatlı və qanuni hökumətin yaradılmasına kömək edəcək”.

“Mübarizə məcburiyyəti”

Əhməd Məsud Britaniya zabitlərini hazırlayan Sandhurst Kraliyyət Hərbi Akademiyasında bir il təlim keçib. Daha sonra London Kraliyyət Kollecində hərbi araşdırmalar üzrə dərəcə alıb. Gənc lider ölkəsindəki böhranın müharibəylə yox, siyasi danışıqlarla həll edilməli olduğunu deyir. Bununla belə, o qeyd edib ki, Taliban ona müqavimət göstərməkdən və “taliblərin insanlığa qarşı cinayətlərinə” qarşı mübarizə aparmaqdan başqa yol qoymayıb.

Taliban ötən ilin avqustunda yenidən hakimiyyəti ələ keçirəndən sonra Əhməd Məsud doğma şəhəri Pəncşirə çəkilərək Milli Müqavimət Cəbhəsini yaradıb. Hazırda o, 3000-dən çox silahlı döyüşçüyə rəhbərlik edir. Son 11 ay ərzində onlar əsasən Pəncşir vadilərində və dağlarında, o cümlədən, qonşu Bağlan əyalətinin strateji bölgəsi Əndərabda Talibana qarşı vuruşublar.

Məsudun döyüşçüləri Əfqanıstanda təhlükəsizliyi təmin etməsiylə bağlı Talibanın iddialarını boşa çıxarıblar.

1990-cı illərin sonlarında Talibana qarşı silahlı mübarizə aparan atasından fərqli olaraq Məsud indiyə qədər heç bir ölkə tərəfindən açıq şəkildə dəstəklənməyib. Keçən ay Britaniya hökuməti bəyanat yayaraq “Əfqanıstan vətəndaşları da daxil olmaqla, zorakılıq yoluyla siyasi dəyişikliyə nail olmaq istəyən və ya Əfqanıstanda siyasi məqsədlər naminə zorakılığa təhrik edən hər hansı fəaliyyəti dəstəkləmədiyini” bildirmişdi.

Taliban Britaniyanın mövqeyini alqışladığını açıqlamışdı.

Amma Əhməd Məsud bu mövqenin “mənəvi baxımdan mübahisəli” olduğunu deyir. O soruşur ki, onilliklər boyu taliblərə qarşı hərbi kampaniyanı dəstəkləmiş qlobal güclər Talibana qarşı döyüşməyin məqbul variant olmadığını indi necə deyə bilərlər. Məsud həmçinin qeyd edir ki, əfqan xalqı ədalət və azadlıq uğrunda mübarizə aparmaq hüququna malikdir. “Bu, etik baxımdan dəstəklənməsi lazım olan səbəbdir”.

Pul və silah çatışmazlığı

Milli Müqavimət Cəbhəsinin lideri Talibandan qat-qat az resursa malik olduqlarını etiraf edib. Bununla belə, yüksək mənəvi ruh və motivasiya sayəsində müqavimətin davam etdirildiyini bildirir. “Biz 2022-ci ildəyik. Yeni gənc nəsil öz gələcəyilə bağlı qərar verə biləcəyi yeni Əfqanıstan istəyir” – Məsud belə deyir.

O, Britaniya da daxil olmaqla, dünya güclərini Əfqanıstan xalqının yanında olmağa və siyasi həll yolunu qəbul etməsi üçün Talibana təzyiqi gücləndirməyə çağırır. Taliblərin Kabildə hakimiyyəti ələ keçirməsindən bir ilə yaxın vaxt keçmiş olsa da, heç bir ölkə onların hökumətini tanımayıb. Amma Rusiya və regionun bir neçə başqa ölkəsi Taliban hökumətiylə normal münasibətlərə hazır olduqlarını bəyan ediblər.

Əhməd Məsud Talibanı tanımamağa çağırır. O deyir ki, bunu etmək qərarına gələn istənilən ölkə Talibanın zülmünə və cinayətlərinə görə məsuliyyət daşıyacaq. O, Talibanı Pəncşir, Əndərab və digər yerlərdə dinc sakinlərə qarşı qanunsuz həbslərdən, işgəncələrdən və qətllərdən ibarət geniş kampaniya aparmaqda ittiham edir. Qətlləri BMT də pisləyib.

Əhməd Məsud deyir ki, Talibanın həbs etdiyi şəxslərin 97 faizinin Milli Müqavimət Cəbhəsiylə heç bir əlaqəsi yoxdur, “Taliban” bunu onlara psixoloji təzyiq göstərmək üçün edir. Məsud qurbanların ailələrindən üzr istəyib və deyib ki, imkanları məhdud olduğu üçün onlara kömək edə bilməyəcək.

Dialoq çağırışı

O, böhranı həll etməyin yeganə yolunun siyasi danışıqlar olduğunu bildirir. Altı ay əvvəl Tehranda Talibanın xarici işlər naziri Əmir Xan Möttəqiylə olan görüşü də daxil, Məsud Taliban liderləriylə artıq bir neçə dəfə bir araya dəlib.

O, danışıqların uğurlu olmadığını bildirir, bunda Talibanı günahlandırır və onların siyasi həll variantına inanacaqları nöqtəyə çatmadıqlarını deyir. Milli Müqavimət Cəbhəsinin lideri qeyd edir ki, bəzi əlamətlər Talibanın aşağı pillələrindəki şəxslərin daha açıq və əhatəli bir proses istədiyini göstərir.

O, eyni anlayışın liderlərdə də yaranacağına ümid edir. Amma Məsud qarşıda onu uzun və təkbaşına bir savaş gözlədiyini bilir: “Dünya əfqan xalqını tərk etdi. Qlobal terrorla mübarizədə bizi tək qoydu”.

Əvvəlki məqalə

Baş Prokurorluq Lənkəranda məktəbli qızın döyülməsi ilə bağlı açıqlama verdi

Sonrakı məqalə

Rusiya xarici peykləri məhv etmək üçün yeni lazer silahı hazırlayır –