Dünyada 100 milyondan çox insan koronavirus əleyhinə peyvənd olunub

02 Fevral 2021 - 17:10

Amerikalı ekspertlərinin fikrincə dünyada koronavirusa qarşı peyvənd olunan insanların sayı 100 milyonu keçib.

Bloomberg agentliyi vaksinasiya olunanların sayına dair hesablamalarını dərc edib. O, 64 dövlət üzrə hesablamalarını aparıb. Bu hesablamalara əsasən bu gün dünyada gün ərzində orta hesabla 4,2 milyon vaksin vurulur. Peyvənd olunanların sayına görə ABŞ liderdir – təqribən 33 milyon nəfər. ABŞ-dan sonra bu sıralamada Çin (24 milyon), Avropa İttifaqı (12,7 milyon), Böyük Britaniya (9,8 milyon) və İsrail (5 milyon) yer alırlar.

Qeyd edək ki, bəzi böyük Avropa dövlətlərində vaksinasiya ümumiyyətlə başlamayıb.

Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya prosesi yanvarın 18-də başlayıb. “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022 illər üçün Vaksinasiya Strategiyası” Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilib. Strategiyaya uyğun olaraq, vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri peyvənd olunub. Səhiyyə Nazirliyinin məlumatına görə səhiyyə işçilərinin 70 faizi vaksinasiyadan keçib.

Fevral ayını 1-dən isə 65 yaşdan yuxarı şəxslərin vaksinasiyası başlayıb. Birinci mərhələdə əhali ilə birbaşa təmasda olan təhsil və sosial təminat sahəsində çalışan işçilər, sosial müəssisələrdə daimi yaşayan insanlar, ASAN və DOST mərkəzlərinin işçiləri, ictimai nəqliyyat sektorunun işçiləri, telekomunikasiya xidmətlərinin operatorları və provayderləri, poçt və bank sektorunun işçiləri peyvənd olunacaqlar.