“Şuşa əbədi mühiti: Əbdürrəhimbəy Haqverdiyev irsinin təbliği” layihəsi QHT Agentliyinin dəstəyi ilə davam etdirilir.
Layihə çərçivəsində Əbdürrəhim bəy Haqverdiyevin 1936-cı ildə nəşr edilmiş “Seçilmiş əsərləri” kitabının yenidən nəşri və ilk dəfə rəqəmsal formatda ingilis dilində təqdim olunması nəzərdə tutulur.
1936-cı il nəşrinin orijinal formatı qorunmaqla kitab rəqəmsallaşdırılacaq və Ahverdoff Global Media portalında, eləcə də digər sosial media platformalarında geniş ictimaiyyətə təqdim ediləcək. Eyni zamanda kitab ingilis dilinə tərcümə olunaraq yeni formatda hazırlanacaq və Azərbaycanı xaricdə təmsil edən səfirliklərə, kitabxanalara və digər aidiyyəti qurumlara təqdim ediləcək.
Əbdürrəhim bəy Haqverdiyevin “Seçilmiş əsərləri” Mir Cəlal Paşayevin tərtibatı ilə Azərbaycan ədəbiyyatının zəngin bədii və elmi-publisistik irsini əhatə edən mühüm nəşrlərdən biridir. Kitabda Haqverdiyevin satirik hekayələri, povestləri, dram əsərləri və publisistik yazıları toplanmışdır.
Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndələrindən biri kimi Haqverdiyevin ədəbi irsinin sistemləşdirilməsində mühüm rol oynamışdır. Onun tərtibatı əsərlərin mətn bütövlüyünün və tarixi ardıcıllığının qorunmasına, eyni zamanda klassik irsin müasir oxucuya daha aydın şəkildə çatdırılmasına xidmət edir.
Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan realist dramaturgiyasının və nəsrinin görkəmli nümayəndələrindən biridir. Onun satirik üslubu Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur və milli ədəbi fikrin inkişafına mühüm təsir göstərmişdir.
Layihə çərçivəsində “Seçilmiş əsərləri”nin ingilis dilində hazırlanması Haqverdiyevin zəngin ədəbi irsinin beynəlxalq oxucu auditoriyasına çatdırılması baxımından mühüm addım olacaqdır. Nəşrin ingilisdilli auditoriyaya ilk dəfə geniş şəkildə təqdim edilməsi Azərbaycan klassik ədəbiyyatının beynəlxalq səviyyədə tanıdılmasına və təbliğinə xidmət edəcək.