Tramp İrana qarşı “iqtisadi müharibə” elan etdi –"Tehranı dəstəkləyən ölkələri cəzalandıracağıq"

ABŞ Prezidenti Donald Tramp İrana qarşı indiyədək hər hansı ölkəyə qarşı həyata keçirilmiş “ən dağıdıcı iqtisadi əməliyyat”ın başladıldığını elan edib.

Bu barədə Donald Trump Truth Social şəbəkəsində yazıb.

Tramp bildirib ki, ABŞ İran İslam Respublikasına razılaşma əldə etmək üçün geniş imkan yaradıb, lakin Tehran bu fürsətdən istifadə etməyib.

“Buna görə də bu gün mən indiyədək hər hansı ölkəyə qarşı həyata keçirilmiş ən dağıdıcı iqtisadi əməliyyatı elan edirəm. Bu, görünməmiş miqyasda iqtisadi müharibə və təcrid olacaq”, – deyə ABŞ Prezidenti bildirib.

Trampın sözlərinə görə, İranın donanması məhv edilib, hərbi hava qüvvələri dağıdılıb, hərbi zavodları xarabalığa çevrilib, milli valyutası isə ciddi şəkildə dəyərdən düşüb.

ABŞ Prezidenti həmçinin İranla əməkdaşlığı davam etdirən digər ölkələri də ciddi iqtisadi nəticələrlə hədələyib.

“Bu gün mən həmçinin elan edirəm ki, maliyyə institutlarına, şirkətlərə, hava limanlarına və ya dövlət strukturlarına İran İslam Respublikasına hər hansı formada dəstək göstərməyə imkan verən İSTƏNİLƏN ölkə özü də NƏHƏNG iqtisadi nəticələrlə üzləşəcək”, – Tramp qeyd edib.

Onun sözlərinə görə, İran neftinin qaçaqmalçılığı, svop əməliyyatları, pul köçürmələri, valyuta dəyişmə məntəqələri, gəmi reyestrləri və saxta şirkətlərdən istifadə dərhal dayandırılmalıdır.

“Bu, iqtisadi ‘D günü’ olacaq və İran təhdidini təcrid etmək və məğlub etmək üçün bütün müttəfiqlərimizin dəstəyinə ehtiyacımız var. Bu manyaklar küncə sıxışdırılıb və bu tarixi tədbirlər onları, eləcə də bütün dünyada terror yaymaq imkanlarını iflic edəcək. İran heç vaxt nüvə silahına malik olmayacaq”, – deyə Tramp vurğulayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.