Edamları azaldan baş prokuror, məxfi tribunalın hakimi –İranın yeni prezidenti kimdir? (DOSYE)

İranın yeni prezidentinin adı məlub olub. Seçkilərdə qalib gələn İbrahim Rəisi 45 gündən sonra bu postda oturacaq.

İbrahim Rəisi kimdir?

İbrahim Rəisi 14 dekbar 1960-cı ildə şiələrin müqəddəs ziyarətgahının yerləşdiyi Məşəhd şəhərində doğulub. O, 5 yaşında ikən din xadimi olan atası vəfat edib.

1980-ci ildə Qum şəhərində dini təhsil alıb. Həmin ildən islam inqilabından sonra qurulmağa başlayan hüquq sistemində yer alıb. Rəisi 1985-ci ildə Tehrana köçüb və 25 yaşında prokuror müavini postuna təyin edilib.

1988-ci ildə solçu təşkilat olan “Mücahuddini- Xalq” Təşkilatının həbsdə olan üzvlərinin kütləvi qətli üçün verilən sərəncamın icraçılarından olub.

Rəisi “ölüm komitəsi” adını almış məxfi tribunalın 4 hakimindən biri olub. Bu tribunal siyasi fəaliyyətinə görə artıq məhkum edilmiş və həbsxanalarda olan minlərlə məhbusu yenidən mühakimə edib. Onların əksəriyyəti solçu “Mucaheddin-i-Xalq” partiyasının üzvləri idi.

Ölümə məhkum edilənlərin dəqiq sayı məlum deyil. Amma hüquq –müdafiə təşkilatlarının məlumatına görə 5000-ə qədər kişi və qadın edam olunub və tanınma nişanı olmadan kütləvi məzarlıqlarda dəfn edilib.

İslam Respublikasının liderləri bu qətlləri inkar etmirlər. Onlar detalları açmasalar da deyirlər ki, bu edamlar üçün səbəblər olub.

Rəisi dəfələrlə bu ölüm hökmlərinin çıxarılmasında rolunu inkar edib. Deyib ki, bu ölüm hökmləri ali dini rəhbər Xomeynin fətvası ilə bəraət alıb.

5 il əvvəl Xomeynin müavini olmuş Hüseyn Əli Müntəzirinin 1988-ci ildə Rəisi də daxil olmaqla o zamankı hüquq –mühafizə sisteminin digər üzvləri ilə söhbətinin səs yazısı yayılmışdı.

Həmin səs yazısında Müntəziri bu qətlləri “islam respublikasının tarixində ən böyük cinayət” adlandırmışdı. Bir il sonra Müntəziri Xomeynin varisi şansını itirib, əvəzində Xamneyi imam Xomeynini əvəz edən dini rəhbər oldu.

Rəisi 1989-cu ildən 1994-cü ilə qədər Tehranın prokuroru vəzifəsini tutub. 1994-cü ildə o İranın Baş Müfəttişliyinin rəisi vəzifəsinə təyin edilib.

Rəisi 2004-cü ildə Baş prokurorunun müavini, 2014-2016-cı illərdə İranın Baş prokuroru olub.

Ölkənin Baş prokuroru olarkən Rəisi məhkəmə sistemində islahatlar aparıb. Nəticədə ölkədə narkotiklərə və cinayətlərə görə ölüm hökmü çıxarılmış şəxslərin sayı azalıb.

2016-cı ildə istefa verərək islam dünyasının ən varlı fondlarından sayılan Astane-Quds-Rəzəvi Fonduna rəhbərlik edib.

Rəisi 2019-cu ildən Ali Dini rəhbəri seçən 88 nəfərlik Ekspertlər Şurasının üzvüdür.

Onun şəxsi həyatı barədə məlumatlar çox azdır. Həyat yoldaşı Cəmilə Tehrandakı Şəhid Behişti Universitetində dərs deyir. İki uşaqları var. Qaynatası Məşhədin nufuzulu din xadimi ayətullah Əhməd Aləmolxudadır.

Dini rəhbər Xamneyinin yaxın adamı olan İbrahim Rəisi “sərt xətt tərəfdarı kimi tanınır.

Rəisi kasıblıq, korrupsiya və diskriminasiyaya qarşı mübarizə aparacağını vəd edib.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan 30 il ərazi bütövlüyünə hörmətı prinsipini tapdalayıb –

Sonrakı məqalə

Sosial sığorta şəhadətnaməsi ləğv olunur