Elçin Əmirbəyov: “Ermənistan XİN başçılarının görüşündən bir gün əvvəl insanlıq əleyhinə cinayət törədib”

29 Oktyabr 2020 - 15:33

“Diplomatik korpusun və xarici media nümayəndələrinin Bərdə və Tərtərə səfərində məqsəd Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhaliyə qarşı törətdiyi vəhşilikləri nümayiş etdirməkdir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Bərdədə diplomatik korpusun və xarici media nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

Ermənilər tərəfindən növbəti vəhşiliyin Bərdədə törədildiyini bildirən E. Əmirbəyovun sözlərinə görə, Tərtər rayonu da Ermənistan ordusunun hücumlarına məruz qalır: “Sentyabrın 27-dən indiyədək Ermənistan ordusunun hücumları nəticəsində Tərtərdə 17 mülki şəxs həyatını itirib. Sizə əsas mesajım ondan ibarətdir ki, ölkələrinizə yalnız fakt və rəqəmləri yox, həm də Azərbaycan hökumətinin müraciətini çatdırın. Biz sizin ölkələrinizdən və beynəlxalq ictimaiyyətdən Ermənistanın qınanılmasını gözləyirik. Ermənistan müharibə cinayətlərinə, bəşəriyyətə qarşı törətdiyi cinayətlərə və terror aktlarına görə qınanılmalıdır. Siz Bərdədə və Tərtərdə insanların əhval-ruhiyyəsini gördünüz. Vətəndaşlar Azərbaycan Prezidentinin, Azərbaycan Ordusunun ətrafında sıx birləşib”.

Birinci vitse-prezidentin köməkçisi vurğulayıb ki, Ermənistana edilən çağırışların heç bir təsiri yoxdur: “Göründüyü kimi, Ermənistanın danışıqlar aparmaq niyyəti yoxdur. Onlar müharibə yolunu seçiblər. Bildiyiniz kimi, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri bu gün Cenevrədə görüşəcəkdilər. Lakin görüşdən bir gün əvvəl Ermənistan siyasi-hərbi rəhbərliyi insanlıq əleyhinə cinayət törədib. Bu onların təcavüzkar siyasətinin davamıdır. Onlar Xocalıda da soyqırımı törətmişdilər. Ermənistanın hərbi aqressiyası ilə bərabər onların məqsədli dezinformasiyanın da şahidiyik. Təkcə Ermənistanın daxilində deyil, xarici ölkələrdə erməni diasporu tərəfindən dezinformasiyalar yayılır. Burada məqsəd Azərbaycanın reputasiyasını zədələmək və öz törətdikləri cinayətləri Azərbaycanın üzərinə atmaqdır. Bu gün siz də gördünüz ki, azərbaycanlı mülki əhaliyə qarşı istifadə olunan silahlar, xüsusilə də kasetli raketlər beynəlxalq hüquqla qadağan edilib. Ermənistan tərəfi guya bu silahlardan Azərbaycanın istifadə etdiyini iddia edir. Lakin biz sizə imkan yaratdıq və siz öz gözlərinizlə gördünüz ki, bu cür silahlardan məhz Ermənistan istifadə edir. Bu, məqsədli şəkildə edilir. Məqsəd günahsız mülki əhali arasında ölüm sayını artırmaqdır. Bu yanaşmalarına görə Ermənistan tərəfi beynəlxalq vasitəçilərin danışıqlar masasına geri qayıtmaq çağırışını rədd edir. Belə olan halda Azərbaycanın tərəfinin yeganə çıxış yolu əks-həmlə əməliyyatını keçirib tarixi ədaləti bərpa etməkdir. Ermənistanın bu günə qədər etdikləri onun münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını göstərir. Onlar hər dəfə humanitar atəşkəsdən öz məqsədləri üçün istifadə edirlər, itirdikləri əraziləri ələ keçirməyə çalışırlar. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Azərbaycan tərəfi öz ərazi bütövlüyünü bərpa etməklə qanuni hüququndan istifadə edir”.