Eldar Həsənovun cinayət işində iki nazirlik zərərçəkən kimi tanınıb

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə zərərçəkənlər məlum olub.

İş üzrə Xarici İşlər Nazirliyi və Maliyyə Nazirliyi zərərçəkən şəxs qismində tanınıb.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin icraatında araşdırılacaq. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 931 316 manat (16 893 868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11 804 661 manat (11 156 716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327 373 manat (180 728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192 387 manat (101 761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.

Buna görə, Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Məlumata görə, avqustun 16-da cinayət işi üzrə ittiham aktı təsdiq edilməklə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.

Prokurorluğun məlumatında o da qeyd olunub ki, son zamanlar bəzi sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində Eldar Həsənovun səhhəti ilə bağlı həqiqətəuyğun olmayan məlumatlar yayılmaqdadır. Bununla bağlı bildirilib ki, o, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin hərbi hospitalında müayinə və müalicə olunub, barəsində cinayət təqibinin həyata keçirilməsinə mane olan hər hansı xəstəliyi aşkar olunmayıb.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan Kəlbəcər və Gədəbəydəki mövqelərimizi atəşə tutub –

Sonrakı məqalə

XTQ zabiti Polad Rzayev Şuşada atası Tofiq Oğuzun şəhid olduğu məkanı ilk dəfə ziyarət edib –