Ərdoğan 12 illik fasilədən sonra İraqa rəsmi səfərə gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 illik fasilədən sonra aprelin 22-də İraqa rəsmi səfər edəcək.

Türkiyə Prezidentinin Bağdad və Ərbildə İraq Prezidenti Əbdüllətif Camal Rəşid və bu ölkənin Baş naziri Məhəmməd Şiə əl-Sudani ilə keçirəcəyi görüşlərdə Yaxın Şərqdəki son hadisələr, təhlükəsizlik, ticarət əlaqələri kimi məsələlərinin müzakirəsi gözlənilir. Müzakirə olunacaq əsas mövzular arasında terrorla mübarizə, İraqın su probleminin həlli, eləcə də Türkiyəyə təbii qaz və neft ixracı yer alır.

Eyni zamanda, Türkiyə İraqla terrora qarşı birgə əməliyyat mərkəzi yaratmağı planlaşdırır. Səfər zamanı bu mərkəzlə bağlı məsələlərin də müzakirəsi gözlənilir.

Səfər çərçivəsində İraqda biznes forumun keçirilməsi də nəzərdə tutulur. Tədbirdə Türkiyə ilə İraq arasında ticarətin həcminin artırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

Əvvəlki məqalə

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

Sonrakı məqalə

Türkiyədə İŞİD-lə əlaqəsi olan 36 nəfər saxlanılıb