Erməni mərmisinin ziyan vurduğu ev niyə təmir edilmir? –

“80 yaşlı qadını aldadıb yola verirlər” (FOTOLAR)
18 Sentyabr 2021 - 17:28

Ağdam rayonunun Çıraxlı kənd sakini, 80 yaşlı təqaüdçü Nadya Məmmədova Azpost.info-ya ünvanladığı müraciətində Vətən Müharibəsi zamanı düşmən mərmilərindən zərər görmüş evinin təmiri ilə bağlı üzləşdiyi bürokratik əngəllərdən şikayətlənib.

 Təqaüdçü qadın yazır ki, yaşadığı ev Qarabağ müharibəsi zamanı erməni postlarından 200 metr məsafədə yerləşib.

“1993- ildən həyatımız daima təhlükədə olub. Düşmən güllələri başımızın üstündən  keçərək evimizə, darvazamıza  dəyərək həyətə düşürdü. Bütün təhlükələrə baxmayaraq  biz  doğma kəndimizi  tərk etmədik. Sağ olsun Ali Baş Komandan Cənab İlham Əliyev!  Son 44 günlük savaşda Ordumuzun qəhrəmanlığı və şücaəti  nəticəsində torpaqlarımız düşmən tapdağından azad olundu. Torpaqlarımızın azad olunması bizi çox sevindirdi. İndi biz tam təhlükəsiz şəraitdə yaşayırıq”.

N.Məmmədova qeyd edir ki, müharibə bitəndən sonra dövlət başçısı zərər dəymiş evlərin bərpası ilə bağlı sərəncam imzalayıb: “Təəssüflə qeyd etmək istəyirəm ki, yerlərdə bu işlə məşğul olan işçi qrupu öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmir. Nəticədə vətəndaş narazı qalır. Mənim yaşadığım evə ziyan dəyib. İşçi qrupu bir neçə dəfə gəlib kənardan baxıb müəyyən qeydlər götürüb gediblər. Bununla da işlərini bitmiş hesab edirlər. Başlarını qaldırıb evin damına baxmırlar. Hər dəfə gələndə “materialın miqdarını artırırıq” deyib mənə nəyəsə imza atdırırlar. Mən də yaşlı insanam. Sənədlərdən başım çıxmır. Evimdə mərmilərin izləri qalıb. Zərbə nəticəsində divarlar çat verib. Yağış evimin içinə yağır. Evin taxtaları, şiferləri sıradan çıxıb. Gələn nümayəndələrə bunları deyirəm. Məni aldadaraq yola verirlər”.

N.Məmmədova vurğulayıb ki, belə çıxır ki, bu məsul şəxslər Prezident İlham Əliyevin sərəncamına biganə yanaşırlar: “Axı Cənab Prezident sizə belə göstəriş verməyib. Deyib gedin, xalqa xidmət edin. Ən ağır dönəmlərdə mən kəndi tərk etməmişəm. Niyə məni narazı salırsınız?”

Nadya Məmmədovanın sözlərnə görə, məsələ ilə bağlı yuxarı qurumlara müraciət etsə də bu günə qədər qanedici bir cavab ala bilməyib: “Ümid edirım ki, 80 yaşlı qoca bir qadının müraciəti eşidiləcək”.

80 yaşlı təqadüçü qadın təmirlə bağlı 2021-ci ildə iki dəfə müvafiq qurumlara müraciət göndərib. Göndərdiyi müraciətlərə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Natiq Həsənov standart cavablar verib.

KOB-un sədr müavininin cavab olaraq göndərdiyi 17 iyul 2021-ci il tarixli birinci məktubda qeyd edilir ki, dəymiş ziyanın aradan qaldırılması üzrə işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. Tikinti, təmir, bərpa işləri növbəlilik əsasında aparılır.

Nadya Məmmədovanın 3 sentyabr 2021-ci ildə Nazirlər Kabinetinə göndərdiyi ikinci müraciət yenə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə göndərilib. Agentliyin sədr müavini Həsənov bir daha 80 yaşlı pensiyaçı qadına birinci məktubuna verdikləri cavabı verib.

Belə ötür-ötürlə payız artıq qapını alıb. Bu minvalla getsə 80 yaşlı qoca pensiyaçı qadının ev təmiri arzusunu payız suları yuyub aparacaq.

Azpost.info