Erməni ordusu Qarabağda niyə məğlub olur? –

Rusiyalı tanınmış hərbi ekspert səbəbləri göstərdi
29 Oktyabr 2020 - 22:13

Rusiyanın hərbi xadimi, Hərbi-Sənaye Kollegiyasının Ekspetlər Şurasının üzvü, istefada olan polkovnik Viktor Muraxovski Dağlıq Qarabağda son 1 ay ərzində aparılan hərbi əməliyyatlarda Ermənistan ordusunun məğlubiyyət səbəblərini təhlil edib.

Ekspert bildirib ki, son iyirmi beş ildən artıq müddət ərzində erməni tərəfi Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu qaytarmaq cəhdinə qarşı çıxaraq ərazidə “möhkəmləndirilmiş rayon” xətti yaratmışdılar.

“Yüksəkliklərdən bütün təhlükə törədəcək istiqamətlərə nəzarət edilirdi. Amma sentyabrın 27-dən təmas xəttində başlanan hadisələr göstərdi ki, müdafiə mövqeyinə söykənən bu sistem işləməyib”-deyə hərbi ekspert Viktor Muraxovski Qarabağda döyüşləri təhlil edərək yazıb.

“1994-cü ildə özünü qalib sayanlar hərbi üstünlüklərinə əminliyinə güvənərək müdafiə sistemini köhnəlmiş mövqe döyüşləri qaydalarına görə qurdular”-deyən Muraxovskinin sözlərinə görə, buna görə, komanda və idarəetmə sistemində, atəş hədəflərində, hava hücumundan müdafiədə, kəşfiyyat, mühəndis təminatında”geniş boşluqlar” meydana gəlib.

Ekspert bildirib ki, müdafiənin təşkilində resursların məhdudluğu səhvlərə bəraət vermir.

V.Muraxovski Bakının əməliyyatlarda uğur əldə etməyə kömək edən hərbi sahədə atdığı əsas addımları sadalayıb. Ekspert bildirib ki, Azərbaycan uzun illər məqsədəmüvafiq şəkildə hərbi-siyasi status-kvonu sındırmağa hazırlaşıb.

Ekspertin fikrincə, Dağlıq Qarabağın cənubunda bu 3 həftə ərzində cəbhədə operativ uğurlar qazanan Azərbaycan təşəbbüsü əlində saxlayır. “Hucum edən tərəf rəqibin müdafiə qüvvələrini parçalamaqla zərbə istiqamətlərini seçmək imkanına malikdir”.

Onun sözlərinə görə, hucumun İranla sərhədə qədər çatması Ermənistanın sərhədinə, oradan şimala mümkün dönmə və Laçına zərbə vurulmasına gətirib çıxara bilər. Bu erməni tərəfi üçün fəlakətli olacaq.

Ekspert həmçinin bildirib ki, Azərbaycan ordusunun sağ cinahı Cəbrayıl, Füzuli, Hadrut rayonlarına nəzarəti təmin edir. “Buradan da Şuşaya və Ağdərəyə hucum potensialı artır”-deyə ekspet bildirib.

Azpost.info