“Ermənistan 29 uşaq, 98 qadın və 112 ahılı girov götürüb” –

Ombudsman
30 Avqust 2021 - 10:57

“Ermənistanın 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində çox sayda şəxs itkin düşüb”.

Bunu Azərbaycanın İnsan Haqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

O bildirib ki, əsir və itkin düşmüş şəxslərin ailələri onlar haqda məlumat almaq istəyir, Ermənistan isə beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə qarşı çıxır.

“Ermənistan tərəfindən 29 uşaq, 98 qadın və 112 ahılın girov götürülməsi faktı müəyyən olunub”, – deyə S. Əliyeva vurğulayıb.

Ombudsmanın sözlərinə görə, əsirlikdən azad edilmiş şəxslərin ifadələrinə baxmayaraq, Ermənistan tərəfi əsir və itkin düşmüş şəxslərin taleyi ilə bağlı məlumat verməkdən imtina edir.

“Beynəlxalq Qızıl Xaç Komitəsi Birinci Qarabağ müharibəsi dövründə əsir düşən 54 nəfəri qeydiyyata alıb. Amma Ermənistanın siyasi rəhbərliyi onların ölməsi ilə bağlı saxta məlumat yayıb. Ermənistanın siyasi və hərbi rəhbərliyi yalnız Birinci Qarabağ müharibəsi dövründə deyil, atəşkəs dövründə də azərbaycanlı mülki şəxsləri girov götürüb. Sosial şəbəkələrdə yayılan videolardan, erməni hərbçilərin ifadələrindən məlum olur ki, azərbaycanlı əsir və girovlara qarşı nalayiq hərəkətlər edilib, ölən əsirlərin nəşləri təhqir olunub”, – deyə Ombudsman qeyd edib. (APA)