“Ermənistan belə əxlaqsız addımlarla bizə zərbə vurmaq istəyir” –

İLHAM ƏLİYEV
28 Oktyabr 2020 - 23:03

“Artıq bir aydır ki, müharibə gedir. Bizim xalqımız üçün bu, Vətən müharibəsidir. Biz torpaqlarımızı işğalçılardan azad edirik. Bu, beynəlxalq hüququn və tarixi ədalətin bərpasıdır. Bu gün bir neçə kənd işğalçılardan azad edildi. Ancaq Ermənistan namərd hücumlarla bizim mülki vətəndaşlarımızı hədəfə alıb. Bir neçə saat bundan əvvəl Bərdəyə bir neçə raketlə atəş açmışdır və bu atəş nəticəsində 21 nəfər mülki şəxs həlak oldu, 70-dən çox dinc insan yaralandı. Ölənlərin sayı arta bilər”.

Azpost.info İnterfax-a istinadən bildirir ki, bu sözləri İlham Əliyev İranın xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçini qəbul edərəkən bildirib.

Prezident xatırladıb ki, çərşənbə axşamı Ermənistan silahlı qüvvələri Bərdəyə, yenə də mülki əhaliyə zərbə vurmuşdur. Bu zərbə nəticəsində dörd nəfər həlak oldu, onlardan biri yeddi yaşlı qız uşağıdır.

“Döyüş meydanında qabağımızda dura bilməyən Ermənistan bax, belə əxlaqsız addımlarla bizə zərbə vurmaq istəyir, bizi durdurmaq istəyir. Amma buna nail ola bilməyəcək. Amma bir daha demək istəyirəm ki, bizi heç nə durdura bilməz. Əgər Ermənistan öz xoşu ilə işğal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan da qovacağıq”, – Əliyev bildirib.

Azərbaycan prezidenti vurğulayıb ki, üçüncü dəfə elan olunmuş və Ermənistanın xahişi ilə razılaşdırılmış atəşkəsi kobudcasına pozur.

Həmçinin, Əliyev qeyd edib ki, Qarabağın işğaldan azad olunması üzrə əməliyyatlar nəticəsində Azərbaycan-İran dövlət sərhədi tam bərpa edilib.

“Göstəriş vermişəm ki, bizim sərhəd xidmətimiz tezliklə bu sərhədin bütün mühafizə infrastrukturunu yaratsın. Bu işlərə start verildi. İran-Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi, bu istiqamət də dostluq, qardaşlıq sərhədi olacaqdır”, – prezident vurğulayıb.

Öz növbəsində, Abbas Əraqçi Bərdə şəhərinin raket hücumuna məruz qalması ilə əlaqədar həyatını itirmiş mülki insanlara, dinc insanların ölümünə səbəb olmuş bu hadisə ilə əlaqədar, orada şəhid olmuş insanlarla əlaqədar İlham Əliyevə başsağlığı verib.

“Siz də yaxşı bilirsiniz ki, İran İslam Respublikası elə ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına müxalif olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Mən özümə borc bilirəm, son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Bu yolda öz canını fəda edən bütün şəhidlər qarşısında baş əyirəm», – nazir müavini bildirib.