“Qarabağ münaqişəsində danışıqlar strategiyasını iki dövrə aid etmək olar. Şərti olaraq, birinci dövr 1991-1998 və ikinci dövr 1998-2020-ci illəri əhatə edir. Bu iki dövr arasında bəsit lakin, həlledici bir fərqi görmək olar”.
Azpost.info-nun məlumatına görə, bu sözləri Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın müşaviri, 1990-cı illərdə Ermənistan xarici işlər nazirinin müavini olmuş erməni əsilli amerikalı alim Jirayr Libardyan Dağlıq Qarabağ probleminin kökləri və hazırkı vəziyyətini təhlili zamanı deyib.
Jirayr Libaridyan bu mövzuda Kaliforniya Universiteti nəzdindəki Erməni Tədqiqatlar Mərkəzinin təşkil etdiyi konfransda çıxış edib. Çıxışın tam mətnini “Armenian Mirror Spectator” nəşri dərc edib.
“Birinci dövrdə, yəni Ter-Petrosyan rəhbərliyində münaqişə ilə bağlı siyasət onun həllini fəal şəkildə axtarmaq idi. İkinci dövrdə, yəni Koçaryan, Sarkisyan və Paşinyan administrasiyaları vaxtında siyasət əsasən status-kvonu qorumaqdan ibarət idi”-deyə, Jirayr Libaridyan qeyd edib.
Onun sözlərincə, Minsk qrupu həmsədrlərinin, xüsusən də Rusiyanın problemin həlli yollarına dair izahatları uzun müddət nəzərə alınmayıb və indi Ermənistan bir zamanlar tövsiyələrini qulaqardına verdiyi ölkələrdən kömək umur.
“İndi də bizi xilas etmələri üçün onlara müraciət edirik. Özü də bizim öz şərtlərimizlə” –deyə Libardiyan vurğulayıb.
Təhlildə deyilir ki, danışıqların uğursuzluğuna səbəb olan amillərin sayı az deyil və onların arasında həm diaspor, həm də elmi dairələrin mövqelərini qeyd etmək olar: “Diasporların mövqelərinin maksimalist olduğunu və yumşaq desək, evdəki vəziyyətin daha real qiymətləndirilməsinə töhfə vermədiyini iddia etsəm, yanılmayacağımı düşünürəm”.
“Azərbaycan əmin idi ki, neft gəlirləri sayəsində beynəlxalq dəstəyin davamlı olmasını təmin etməklə, növbəti müharibəyə hazırlaşmaq üçün möhlət qazanacaq. Erməni tərəfi isə öz diasporunu Azərbaycanın puluna qarşı dəyərli ekvivalent hesab edirdi”-deyə sabiq müşavir qeyd edib.
Jirayr Libaridyan danışıqlarda beynəlxalq vasitəçilərin rolunu da qeyd edib. Onun dediyinə əsasən, Minsk Qrupunda təmsil olunan ABŞ və Rusiya çalışırdılar ki, təklif olunan planlar onların bölgədəki təsirlərini maksimum dərəcədə artırsın: “Nəticəsi qeyri-effektiv vasitəçilk oldu”.