Ermənistan xəyanətlər, fərarilik və xaos içərisindədir

29 Oktyabr 2020 - 15:54

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərini cəmiyyətə heç cür izah edə bilmir. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində qısa müddət ərzində Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri, Hadrut, Mincivan və Ağbənd qəsəbələri və 160-dan çox kənd bir ay keçməmiş işğaldan azad olundu. Azərbaycanın bu qələbələri illərdir erməni əhalisi arasında güclü ordu barədə yaradılmış mifləri dağıdır. Ermənistan cəmiyyəti panikaya qapılıb və ictimai rəydə hakimiyyətə yönəlmiş xeyli cavabsız suallar yaranıb. Acı reallıqlar qarşısında çarəsiz vəziyyətə düşən Ermənistan hakimiyyəti bir tərəfdən də ordu daxilində xəyanətlərlə üzləşməkdədir. Belə ki, son 20 gündə artıq Ermənistan ordusunda 4 yüksək vəzifəli şəxs işdən qovulub.

Oktyabrın 8-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Argişti Kərəmyan tutduğu vəzifədən kənarlaşdırılıb. Oktyabrın 26-da Ermənistan Milli Təhlükəsizlik Xidmətinə tabe olan Sərhəd Qoşunlarının komandanı Vaqinak Sarkisyan da işdən azad edilib. Həmçinin oktyabrın 27-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Əks-kəşfiyyat İdarəsinin rəisi, general-mayor Ohannes Karumyan işdən çıxarılıb. Eyni gündə Sərhəd Qoşunlarının qərargah rəisi Qagik Tevosyan eyni taleyi yaşamalı olub. Onların hamısı xəyanətdə ittiham edilir. Ehtimal edilir ki, Paşinyan hökuməti həm də bu yolla cəbhədəki uğursuzluqları ayrı-ayrı vəzifəli şəxslərin ayağına yazıb sudan quru çıxmaq niyyətindədir. Hərbi məğlubiyyətin fakturasını qurban seçilmiş günah keçilərinə yükləməklə vəziyyətdən çıxmağa çalışan Nikol Paşinyan bu vaxta kimi eyni metoddan dəfələrlə istifadə edib inqilab zamanı verdiyi vədləri yerinə yetirə bilmədikdə müxtəlif sahələrdə vaxtaşırı kadr dəyişiklikləri həyata keçirsə də, bu dəfə istənilən nəticəni əldə etməsi və nişangahdan yayınmağa müvəffəq olması müşkül məsələdir. Çünki müharibənin hərbi-siyasi rəhbərliyini məhz Nikol Paşinyan həyata keçirir və bütün məsuliyyət də şəxsən ona məxsusdur.