Ermənistanın sabiq baş prokuroru həbs edilib

08 Sentyabr 2021 - 11:50

İrəvanın ümumi yurisdiksiya məhkəməsi Ermənistanın sabiq baş prokuroru, istintaq komitəsinin keçmiş sədri Aqvan Ovsepyanın həbs olunması barədə qərar qəbul edib. Sabiq baş prokuror xüsusilə külli miqdarda rüşvət almaqda, həmçinin əmlakın oğurlanmasında və pul vəsaitlərinin yuyulmasında təqsirkar bilinir.

Bu barədə Ovsepyanın vəkili bildirib. Onun sözlərinə görə, rəsmi qərar alındıqdan sonra ondan apelyasiya məhkəməsinə şikayət olunacaq.

Ermənistanın xüsusi istintaq xidməti dünən axşam keçmiş baş prokurorun həbsi barədə qərar çıxararaq onu 190 milyon dram (380 min ABŞ dolları) məbləğində rüşvət alınmasında, 800 milyon dram (1,6 milyon dollar) həcmində əmlakın oğurlanmasında, habelə ümumi həcmi 1,299 milyard dram (2,6 milyon dollar) olan pulun yuyulmasında ittiham edib.

2003-2014-cü illərdə baş prokuror, 2014-2018-ci illərdə isə istintaq komitəsinin sədri postlarını tutan Aqvan Ovsepyan prezidentlər Robert Köçəryanın və Serj Sərkisyanın hakimiyyəti dövründə ölkənin ən nüfuzlu məmurlarından biri sayılırdı.