“Ermənistanın sabiq müdafiə naziri Arutunyanın bacısı Azərbaycanda yaşayır” –

İLHAM ƏLİYEV
09 Noyabr 2020 - 13:09

“Xeyr, bu yanlış məlumatdır”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində jurnalistin “Burada, Azərbaycanda yaşayan ermənilərlə bağlı. Bizə verilən məlumata görə, onların çoxu qorxu içində yaşayır, ermənilər kimi açıq tanınmağı istəmədiklərinə görə soyadlarını dəyişiblər. Dağlıq Qarabağdakı ermənilər özlərinin təhlükəsiz olacaqlarına necə əmin ola bilərlər ki?” sualına cavabında deyib.

Jurnalist bildirib ki, bu məlumat burada yaşayan insanlardan daxil olur.

“Ola bilsin ki, kimsə evlənib soyadını dəyişib. Bu, burada adət olunan təcrübədir. Amma xeyr. Burada yaşayan çoxlu ermənilər var və biz onların erməni olduqlarını bilirik. Yeri gəlmişkən, mən sizə deyə bilərəm və bir çox insanlar bu barədə bilmirlər. Ermənistanın sabiq müdafiə naziri Arutunyanın bacısı Azərbaycanda yaşayır. İstəsəniz onunla görüş təşkil edə bilərik. Bu, əslində, qorxu deyil, bu, erməni təbliğatıdır”, – deyə dövlət başçısı cavabında qeyd edib.

Jurnalistin “Prezident Əliyev, əgər təbliğat varsa, aydındır ki, hər iki tərəfdə təbliğat var. Dövlət dialoqu çərçivəsində burada ermənilərə qarşı institusional mesajlar səslənir, insanlarda digər tərəfə qarşı nifrət aşılanır. Siz onların, həqiqətən də, birgə yaşaya biləcəklərini gözləyirsiniz?” sualına isə Azərbaycan Prezidenti belə cavab verib: “Nəyə görə onlar dünyanın digər yerlərində birgə yaşaya bilirlər? Siz qonşu Gürcüstanda ermənilərin və azərbaycanlıların bir yerdə, eyni kənddə yaşadığı kəndlərin olduğunu bilirsiniz? Onlar Rusiyada, Ukraynada bir yerdə yaşayırlar, onlar Azərbaycanda bir yerdə yaşayırlar, dünyanın bir çox digər yerlərində. Dünyadakı vəziyyəti indi müşahidə etsəniz, Qərbdə bəzi ermənipərəst mitinqlərdən başqa ermənilər və azərbaycanlılar arasında vəziyyət sakitdir. Nəyə görə onlar orada yaşaya bilərlər, lakin burada yaşaya bilməzlər?”