Ermənistan əhalisinin 70 faizi atəşkəsin qorunmasına tərəfdardır –SORĞU

Ermənistanda əhalinin 70%-i Azərbaycanla əldə edilmiş atəşkəs razılaşmasının qorunmasına tərəfdardır.

Bu, ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun (İnternational Republican İnstitute) Ermənistanda keçirdiyi sorğunun nəticələrində əksini tapıb.

Belə ki, “10 noyabr atəşkəs razılaşmasından sonra Ermənistan hökumətinin fokuslanmalı olduğu növbəti addımlar nə olmalıdır?” sualına cavabında respondentlərin 97%-i hökumətin iqtisadiyyat, siyasi stabillik və sosial məsələlər kimi daxili problemlərə fokuslanmalı olduğunu qeyd edib.

Respondentlərin 70%-i hərbi münaqişənin yenilənməsi bahasına Ermənistanın atəşkəs razılaşmasından geri çəkilməsinin əleyhinədir, 25%-i lehinə, 5%-i isə bitərəfdir.

Rəyi soruşulanların 79%-i hesab edir ki, Dağlıq Qarabağdan köçən ermənilər Ermənistanda evlə və işlə təmin edilməlidir.

Sorğu bütün Ermənistan ərazisində 2021-ci ilin fevralın 8-dən 16-dək keçirilib, iştirakçılar RDD vasitəsi ilə (random digit dialing) seçilib.

“Ölkənin bu gün üzləşdiyi ən vacib problem nədir?” sualına isə paytaxt İrəvanda respondentlərin 18%-i işsizlik, 17%-i siyasi qeyri-stabillik, 11%-i Dağlıq Qarabağ münaqişəsi, 8%-i əsir və itkin düşənlərin qayıtması cavabını verib. 12% isə hərbi islahatlara ehtiyac olduğu qənaətindədir.

Eyni suala ölkənin digər şəhərlərində yaşayan respondentlərin 24%-i işsizlik, 20%-i siyasi qeyri-stabillik, 12%-i hərbi islahatların aparılması, 14%-i isə Dağlıq Qarabağ münaqişəsi cavabını verib. Sorğuda iştirak edən İrəvan sakinlərinin yalnız 15%-i hökumətdən narazılığını ifadə edib, şəhərlərdə və ucqar bölgələrdə yaşayan respondentlərin isə yalnız 8%-i hökumətin fəaliyyətinin ölkənin üzləşdiyi əsas problem olduğunu qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əfv Sərəncamının icrası başa çatıb

Sonrakı məqalə

Sulutəpə dairəsində yeni yol qovşağı istifadəyə verilib