Ermənistan Azərbaycanla sərhədi rus ordusuna verir –Moskvada danışıqlar başlanıb

Rəsmi Yerevan və Moskva Ermənistandakı Rusiya hərbi bazasının genişləndirilməsi barədə danışıqlara başlayıblar.

Azadlıq Radiosunun erməni xidməti xəbər verir ki, bu məqsədlə Ermənistanın müdafiə, xarici işlər, ərazi və infrastruktur idarəetməsi nazirliklərinin, habelə Ermənistan silahlı qüvvələri baş qərargahının, Rusiya-Ermənistan birgə hərbi qruplaşmasının və kadastr komitəsinin nümayəndələri iyunun 26-da Rusiya paytaxtına səfər ediblər.

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın 23 iyun tarixli qərarında deyilir ki, “Ermənistan-Rusiya dövlətlərarası komissiyasının 13-cü iclasında Ermənistandakı Rusiya hərbi bazasına torpaq sahələrinin və daşınmaz əmlakın verilməsi məsələsi müzakirə olunacaq”.

Bu da qeyd olunur ki, dövlətlərarası komissiyanın iclası iyulun 1-dək davam edəcək.

14 nəfərdən ibarət nümayəndə heyətinə Müdafiə Nazirliyi qoşunlarının yerləşdirilməsi üçün kapital tikinti idarəsinin rəisi, eyni zamanda dövlətlərarası komissiyanın sədri Armen Avetisyan başçılıq edir.

Azərbaycanla sərhəddə

Azatutyun yazır ki, nümayəndə heyətinin yarısını Müdafiə Nazirliyi təşkil edir, lakin nümayəndələrdən əlavə məlumat almaq mümkün olmayıb.

Rusiya-Ermənistan dövlətlərarası komissiyasının iclası iyunun 28-də başlanıb.

Azatutyun xatırtlarıdr ki, bir ay bundan əvvəl, mayın 27-də hökumət müşavirəsində Rusiya Federal Təhlükəslik Xidməti (FTX) sərhəd qoşunlarının yerləşdirilməsi üçün Sünik vilayətində 3.5 hektar torpaq sahəsinin təmənnasız istifadə üçün Rusiyaya verilməsi barədə qərar qəbul olunmuşdu.

Bu da xəbər verilir ki, Rusiya sərhədçilərinə Qafan icmasının Şıxovuz (Şikahoq), Meğri və Tuğ icmalarının Şvinadzor, Karçan, Nrnadzor (Birinci Qarabağ Müharibəsinədək – Nüvədi –red) kəndlərindən 7 torpaq sahəsi veriləcək.

Üçtərəfli bəyanat və yeni baza?

Azatutyunun yazdığına görə hökumət bildirib ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ermənistanın cənub-şərq sərhədlərinin möhkəmləndirilməsinə ehtiyac var (üçtərəfli bəyanatda konkret olaraq bu barədə heç nə deyilmir – red).

Azatutyun bildirir ki, 44 günlük müharibədən sonra Azərbaycan-Ermənistan sərhədinin bəzi sahələrinə Rusiya sərhədçiləri nəzarət edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Laçında hərbi yük avtomobili qəzaya uğrayıb –

Sonrakı məqalə

2 milyon pulu ölkədən çıxarmaq istəyən Azərbaycan vətəndaşı saxlanılıb