Ermənistan terrorçu təşkilatı olan Kürdüstan Fəhlə Partiyasının(PKK) iki üzvünü Türkiyəyə ekstradisiya edib.
Azpost.info haqqın.az-a istinadən bildirir ki, bu barədə PKK-nın silahlı qanadı olan Xalq Müdafiə Qüvvələrinin (HPG) mətbuat xidməti məlumat yayıb.
PKK bu təşkilatın iki üzvünün Türkiyəyə ekstradisiyasına görə Ermənistanı “özünün və beynəlxalq qanunlarını pozmaqda” ittiham edib.
Kürd xəbər agentliyi ANF-nin məlumatına görə, Xalq Müdafiə Qüvvələri bəyanatında təşkilat üzvləri Atilla Çiçək və Hüseyn Yıldırımın Ermənistandan Türkiyəyə ekstradisiya edildiyini bildirir. HPG döyüşçülərin adlarını göstərimir, təxəllüslərini – “Lehenk” və “Əlişir”i açıqlayıb.
PKK-nın bəyanatında qeyd olunur ki, sonuncular “2021-ci ilin avqustunda Ermənistanla sərhəd yaxınlığında Ermənistan dövlətinin qüvvələri ilə qarşılaşıblar və neqativ halın qarşısını almaq üçün ehtiyatlı davranıblar. Lakin həbs ediliblər, saxlanılıblar və onlara qarşı ittiham irəli sürülüblər”.
“2022-ci il fevralın 23-də dostlarımız Ermənistanın Apellyasiya Məhkəməsinin qarşısına çıxarılıb və məhkəmə onların azadlığa buraxılmasına qərar verib. Beynəlxalq və Ermənistan qanunlarına görə, onlar azad edilməli idi. Əvəzində erməni xüsusi xidmət orqanları onları oğurlayıb saxlayıblar. Onlara lazımi tədbirlər görüldükdən sonra azadlığa buraxılacağı vəd edilsə də, təxminən bir ay əvvəl onlar Ermənistandan Türkiyəyə ekstradisiya ediliblər”, – deyə məlumatda bildirilir.
HPG vurğulayıb ki, bununla Ermənistan “beynəlxalq hüquq normalarını və öz qanunlarını pozub”.
Bundan əvvəl müxalifətçi deputat Qeqam Manukyan Ermənistanın iki PKK terrorçusunu Türkiyəyə təhvil verdiyini bəyan edib. Onun sözlərinə görə, ekstradisiya Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) ilə Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) arasında əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Datalex.am məhkəmə-informasiya sistemində dərc olunan məlumata görə, 2021-ci ildə Ermənistanda Çiçək və Yıldırım 2021-ci il avqustun 16-da Araks çayı üzərindən Ermənistan sərhədini qanunsuz keçməkdə və ölkəyə qaçaqmalçılıq yolu ilə silah və sursat keçirməkdə ittiham olunublar. Sünik vilayətinin birinci instansiya məhkəməsi 2022-ci ilin yanvarında hər ikisini pulları müsadirə olunmaqla 7 il müddətinə azadlıqdan məhrum edib. Daha sonra Apellyasiya Məhkəməsi PKK-nın hər iki üzvünün həbs cəzasını azaldıb, onları 3 il sınaq müddəti ilə şərti cəza ilə əvəz edib.
Türkiyə mənbələri də iki terrorçunun tutularaq ölkəyə gətirildiyini bildirir. Lakin Türkiyə mediası hüquq-mühafizə orqanlarına istinadən Ermənistanın adını çəkməyib.
Qeyd edək ki, Türkiyə ilə Ermənistan bu günə kimi diplomatik əlaqələr qurmayıb. Ona görə də iki ölkə arasında terrorçuların və digər cinayətkarların qarşılıqlı ekstradisiyasına dair razılaşma yoxdur. Lakin diplomatik əlaqələrin olmaması Ermənistan və Türkiyə xüsusi xidmət orqanlarının iki PKK terrorçusunun Türkiyəyə köçürülməsi üzrə birgə əməliyyat keçirməsinə mane olmayıb. Bu, kifayət qədər maraqlı və sensasion faktdır – Ermənistan xüsusi xidmət orqanlarının Türkiyəyə qarşı PKK ilə uzun illər əməkdaşlıq edib, öz ərazisində, o cümlədən işğal olunmuş Azərbaycan ərazilərində yaradılmış bu terror təşkilatına silah və sursat ötürüb.
