“Euronews”u Azərbaycanda nə təəccübləndirib? –Telekanalın Avropaya nümunə göstərdiyi dini tolerantlıq

Bu günlərdə  “Euronews” telekanalı Azərbaycanda yaşayan Dağ Yəhudiləri haqqında reportaj yayımladı.

Reportajda çoxkonfessiyalı bir dövlətin əldə etdiyi və göz bəbəyi kimi qoruduğu tolerantlıq prinsiplərinin mühüm əhəmiyyət daşıdığı vurğulanır və bunun bütün dünya üçün bir örnək olduğu qeyd olunurdu.

Yəhudi ravvininin “bütün dünyada belə bir qonşuluq əsas götürülərsə, çox yaxşı olardı” sözləri bir ölkədə min illər boyu bir yerdə yaşayan xalqların nadir təcrübəsindən doğan məmnunluq hissi idi.

Belə mühitin yaranması asan başa gəlməyib. Son 30 ildə Azərbaycanda prezident İlham Əliyev tərəfindən yürüdülən dövlət siyasətinin əsas hədəfi çoxkonfessiyalı bir ölkədə mədəniyyətlərarası dostluğun, multkultural bazanın möhkəmləndirilməsi olub.

Dinlərin qarşılıqlı anlaşmasına, qardaşlıq və həmrəylik hisslərinin bərqərar olmasına çalışan dövlətimizin formalaşdırdığı bu mədəni platforma dünyaya  mulkultural inteqrasiya üçün əməkdaşlıq çağırışlarıdır.

Bir neçə il əvvəl Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Azərbaycanı “əsl tolerantlıq nümunəsi” adlandırmışdı.

“Dünyanın bir çox yerlərində gərginlik və münaqişələrin artdığı bir vaxtda Azərbaycan əsl tolerantlıq nümunəsidir”-deyə Papa prezident İlham Əliyevə demişdi.

Səudiyyə Ərəbistanı Krallığının Şura Məclisinin Azərbaycanla parlamentlərarası dostluq komitəsinin sədri Fayez bin Abdulla Əl-Şəhri  bir neçə il əvvəl Azərbaycana səfəri ilə bağlı nufuzlu “Ər-Riyad” qəzetində dərc etdiyi məqaləsində yazmışdı ki, ölkədə “sünnü və şiə məzhəblərinin mənsubları heyrət doğuracaq şəkildə bir yerdə namaz qılırdılar”.

Prezident İlham Əliyevin tolerantlıq və multkulturalizm siyasətinə əsaslanan bu model dini və etnik mənsubiyyətindən asılı olmayaraq xalqların dostluq və mehriban şəraitdə birgəyaşamasını təmin edən mükəmməl modeldir. Dini zəmində qarşıdurmalardan əzab çəkən dövlətlər bu modelə çıxış yolu kimi baxırlar.

Dinlərarası əməkdaşlığın dəstəklənməsində Qafqaz Müsəlmanları İdarəsinin və onun sədri Allahşükür Paşazadənin böyük əməyi var. QMİ-nin dinlərarası dialoq və dini tolerantlığın inkişafı sahəsində fəaliyyəti geniş və çoxcəhətlidir.

Yəhudi və xristian dininə etiqad edən Azərbaycan vətəndaşları tarixin bütün çətin dövrlərində bir yerdə olublar, dostluq sınağından ləyaqətlə çıxıblar.

Şeyxülislam Allahşükür Paşazadə bu günlərdə İsrailin Azərbaycana yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Corc Diki qəbul edərkən bu tarixi bir daha yada salıb. Şeyx Azərbaycanda yəhudilərin dostluq, qardaşlıq, qarşılıqlı anlaşma mühitində yaşamalarını böyük nemət kimi dəyərləndirdiyini vurğulayaraq deyib ki, yəhudi millətindən olan Azərbaycan vətəndaşları ölkəmizi hər zaman, hər yerdə yüksək səviyyədə təmsil edirlər. Şeyxülislam A. Paşazadə 44 günlük Vətən müharibəsində yəhudilərin Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda azərbaycanlılarla çiyin-çiyinə vuruşduğunu xatırladaraq şəhid olanlar arasında yəhudilərin olduğunu qeyd edib.

İsrail səfiri C.Dik Azərbaycanı “dini tolerantlığın, dinlərarası dostluq və əməkdaşlığın bariz nümunəsi” adlandırıb və Şeyxülislamın 40 ildən artıq müddət ərzində diqqətəlayiq, dəyərli fəaliyyətini yüksək qiymətləndirib.

Səfir Azərbaycanda 30.000-dən artıq yəhudi icmasının  antisemitizmdən uzaq, dinlərarası harmoniya mühitində yaşamasını, sinaqoqlarda ibadətlərini rahat, təhlükəsiz şəkildə həyata keçirmələrini böyük nemət adlandırıb.

Bakı həmçinin dünyanın dörd bir tərəfindən gəlmiş ruhanilərin görüş yerinə çevrilib. 2019-cu ildə Bakıda keçirilmiş Dünya dini liderlərinin ikinci sammiti beynəlxalq müstəvidə Bakıya olan etimadı nümayiş etdirdi,  uğurlu əməkdaşlıq perspektivlərini ortaya qoymaqla, eyni zamanda  Azərbaycanı dini zorakılıq girdabında çapalayan ölkələrə  tolerant dövlət nümunəsi kimi təqdim etdi.

44 günlük müharibə zamanı Şeyxülislam Hacı Allahşükür Paşazadənin, Azərbaycan Aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqalın və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Atanın ABŞ-ın nufuzlu “Newsweek” nəşrində birgə məqaləsi Qarabağda müharibənin dini çalar verməyə çalışan Ermənistana və onun havadarlarına zərbə oldu.

“Qarabağın gələcəyi üçün inancda birləşmək” adlı məqalədə müsəlman, yəhudi, xristian din xadimləri bəyan etdilər ki, Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurmaya başqaları nə qədər dini don geyindirməyə çalışsa da, bu münaqişə heç bir dini mahiyyət daşımır və Azərbaycan “müsəlman işğalçısı” rolunu oynamır.

Bu baxımdan QMİ çoxkonfessiyalı ölkəmizdə dindarların vahid platformasını formalaşdırmaqda mühüm rol oynayıb. Bununla da dövlətin bu istiqamətdə apardığı siyasətin uğuruna öz töhfələrini verib.

Bu gün xarici dairələrin bütün cəhdlərinə rəğmən ölkədə dini kəsimdə heç bir pərakəndəlik yoxdur, konfessiyalar arası ziddiyətlər müşahidə olunmur.

Təsadüfi deyil ki, ABŞ Dövlət Departamentinin Antisemitizmə nəzarət və mübarizə üzrə missiya rəhbəri, xüsusi elçi Elan Karr antisemitizmlə mübarizə məsələlərinə həsr olunmuş telekonfransdakı çıxışı zamanı Azərbaycanı müsəlman çoxluğu ilə xristian və yəhudi icmaları arasındakı həqiqi hörmət baxımdan da “nümunə ölkə” adlandırmışdı: “Vaxtilə yəhudi icması sinaqoq tikəndə və yaxud təmir etdirəndə vəsaitləri olmazdı. Müsəlman imamı, müsəlman icmasının lideri şəxsən məsələyə qarışaraq sinaqoqu təmir etdirmək üçün əlavə vəsait tapmağa kömək edirdi. Bu cür hadisələr dilə gətirilməlidir.Çünki bunlar hamımızın can atdığımız mehriban gələcəyə, yəni təkcə tolerantlığın yox, müxtəlif milli və etiqad icmaları arasında hörmətin olacağı gələcək üçün mühüm ilham mənbəyidir”, – Ağ Ev rəsmisi deyib.

Özünün tolerant ənənələri ilə fəxr edən Azərbaycan  ən mötəbər kürsüsəlrdən bu humanist və ülvi dəyərlərlə söykənən nümunəsini dünya ilə bölüşməyə hazır olduğunu daim bəyan edir.

“Euronews”dakı reportaj bu uğurlu siyasətin daha bir etirafıdır.

Elbrus Ağayev

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Sabah biz xalq hakimiyyətini müdafiə etməliyik” –

Sonrakı məqalə

“Meyvəli” ticarət mərkəzində baş verən yanğın söndürülüb