Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

18 Sentyabr 2021 - 11:11

18 sentyabr Milli Musiqi Günü münasibətilə Mədəniyyət naziri Anar Kərimov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi və bir qrup mədəniyyət və incəsənət xadimi Fəxri xiyabanı ziyarət ediblər.

Əvvəlcə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub.

Nazir Anar Kərimov musiqi bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edərək deyib ki, bu gün sadəcə, musiqisevərlərin deyil, bütün Azərbaycan xalqının bayramıdır: “Bu gün mədəniyyətimizin ən əlamətdar günlərindən birini yaşayırıq. Keçən il burada qeyd edildi ki, gələn il bu günü Şuşamızda keçirək. Şükürlər olsun ki, biz bu günü görə bildik”.