Facebook sosial şəbəkəsi Rusiyanın Sputnik, İranın Press Tv və Çinin Xinhua xəbər agenliklərini xüsusi nişanla qeyd etməyə başladığını və bunun məqdəsinin istifadəçiləri oxuduqları məzmunun hökümət tərəfindən nəzarət olunan qurum tərfindən hazırlanmış ola biləcəyi barədə xəbərdar etmək olduğunu bildirib.
Sosial media nəhəngi ötən ilin oktyabr ayında mətbuat qurumlarının hər hansı hökümətə məxsus media olduğunu qeyd etməklə bağlı planlarını açıqlamışdı. Və artıq bu ilin iyun ayının dördündən bunu tətbiq edir.
“Biz bu media qurumları ilə əlaqədar daha böyük şəffalıq təqdim edirik. Çünki bu qurumlar medianın təsirini dövlətin strateji dəstəyi ilə birləşdirir” deyə Facebook bildirib.
Şirkət əvvəlcə təxminən 200 səhifədə bu qeydləri yerləşdirəcək.
Sputnik Facebook səhifəsinin “Səhifə şəffaflığı” hissəsindəki qeyddə bildirilir: “Bu naşir qismən və ya tamamilə bir dövlətin nəzarəti altındadır. Bu müxtəlif faktorlarla müəyyən edilir. Buraya maliyyələşdirmə, struktur və jurnalistika standartları da daxil olmaqla bir sıra amillər daxildir”.
Bənzər mesaj Çinin Xinhua News səhifəsində də görünür.
Facebook ABŞ-a məxsus media qurumlarını bənzər mişanla işarələməyəcək. “Buna səbəb isə ABŞ-dakı dövlət media qurumlarının müstəqilliyə sahib olduqlarının müəyyən edilməsidir”- deyə Facebookun kiber təhlükəsizlik siyasətinin rəhbəri Nataniel Gleiker Reutersə verdiyi açıqlamada bildirib. O həmçinin açıqlamasında deyib ki, Facebook siyasi xadimlər və ya partiyalarla əlaqəli media qurumları üçün bu qeydlərdən istifadə etməyəcək.
Sözügedən nişan qlobal miqyasda səhifələrdə və Amerika Birləşmiş Ştatları daxilində isə xəbər lentində görünəcək.
Şirkət bildirir ki, siyasətini formalaşdırmaq üçün dünyada media, idarəetmə, insan hüquqları və inkişaf sahəsində ixtisaslaşan 65-dən çox mütəxəssislə məsləhətləşib.
Bununla belə nişanın səhvən onlara qarşı tətbiq olunduğuna inanan qurumlar müraciət göndərə biləcək.
Facebook bu ilin sonunda ABŞ istifadəçilərini hədəf alan və dövlət nəzarətində olan KİV-lərin hər hansı reklamını bloklayacaq. Şirkət bildirir ki, “əmin etmək istəyirik ki, biz bu qurumlardan gələn ödənişli məzmunla əlaqədar bənzər şəffalıq sərgiləyirik”.
Facebook Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxilə etmək üçün platformalarından istifadəsini dayandıra bilmədiyini etiraf edib. O vaxtdan etibarən şirkət bu kimi hallara qarşı müdafiələrini gücləndirməyə və platformalarında, səhifələr eləcə də reklamlar üçün daha çox şəffaflıq tələbləri tətbiq etməyə çalışır.