Fransada koronavirus xəstələri üçün COVID otelləri yaradılıb

20 Aprel 2020 - 14:24

Fransada yeni koronavirus xəstələri üçün COVID otelləri fəaliyyətə başlayıb.

Yeni yaradılan bu otellərdə COVID-19-a yoluxan yüngül xəstələr, yoluxan, ancaq simptomları olmayan, eləcə də xəstəxanalardan çıxan xəstələr yerləşdiriləcək. Məqsəd virusun yayılmasının qarşısını almaqdır.

Artıq uzun müddətdir turist olmadığı üçün bağlı qalan otellərin yenidən fəaliyyətə başlaması üçün “Accor Hotels” qrupunun 300 mərkəzi bir çox şəhərlərdə qapılarını belə xəstələrə açıb.

Parisdə “İbis Budget”, Puatyedə “İbis”, Perpinyanda “Premiere Classe” (Louvre oteller Qrupu) otelləri artıq koronavirus xəstələrini qəbul etməyə başlayıb.

Aprelin 19-da keçirdiyi mətbuat konfransında bu barədə danışan Fransanın Baş Naziri Eduard Filip deyib: “Hesab edirik ki, virus daşıyıcısı olan insanları təcrid etmək xəstəliyin yayılmasının qarşısını almaq üçün ən yaxşı yoldur”. Qeyd edilib ki, virusa yoluxan yüngül və asmptomatik xəstələrin COVID otellərində təcrid olunmaları mümkündür(azərtac).