Fransanın dövlət borcu 2026-cı ilin ikinci rübündə 3 trilyon 595,5 milyard avroya çatıb. Bu, ölkənin ümumi daxili məhsulunun (ÜDM) 119 faizinə bərabərdir.
Fransanın Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun (INSEE) açıqladığı məlumatlara görə, dövlət borcu üç ay ərzində 59,6 milyard avro artıb. Birinci rübdə isə borcun artımı 75,8 milyard avro olmuşdu.
Nəticədə dövlət borcunun ÜDM-ə nisbəti ilin ilk rübündəki 117,5 faizdən ikinci rübün sonunda 119 faizə yüksəlib.
Borcun əsas hissəsi mərkəzi hökumətin payına düşür
Borcdakı artımın əsas səbəbi Fransanın mərkəzi hökumətinin öhdəliklərinin yüksəlməsi olub.
İkinci rübdə mərkəzi hökumətin borcu 53 milyard avro artıb. Bunun 36,9 milyard avrosu uzunmüddətli dövlət qiymətli kağızlarının, 16,5 milyard avrosu isə qısamüddətli qiymətli kağızların hesabına düşüb.
Sosial sığorta fondlarının borcu da 8,4 milyard avro artıb.
Yerli hakimiyyət orqanlarının borcunda isə əksinə, 1,7 milyard avroluq azalma qeydə alınıb.
Xalis dövlət borcu da yüksəlib
INSEE Fransanın xalis dövlət borcu ilə bağlı ayrıca göstərici də açıqlayıb. Dövlətin maliyyə aktivləri nəzərə alınmaqla hesablanan xalis borc ikinci rübdə 68,2 milyard avro artaraq 3 trilyon 366,8 milyard avroya çatıb.
Bu göstərici də ölkə ÜDM-nin 111,4 faizinə bərabərdir.
Bir ildə borc 178 milyard avro artıb
Fransanın borc yükünün artımı illik müqayisədə də diqqət çəkir.
2025-ci ilin ikinci rübünün sonunda ölkənin dövlət borcu 3 trilyon 417,2 milyard avro, yaxud ÜDM-in 115,2 faizi səviyyəsində idi.
Bir il ərzində borc təxminən 178 milyard avro artıb. Borcun ÜDM-ə nisbəti isə eyni dövrdə 3,8 faiz bəndi yüksəlib.
INSEE hesablamaları milli hesabların, Fransanın Dövlət Maliyyələri Baş İdarəsinin və Fransa Bankının məlumatları əsasında hazırlanıb.
S.Abdulla