Fransanın keçmiş prezidenti Fransua Olland yenidən ölkənin ali postuna namizədliyini irəli sürmək istəyir. AzPost xəbər verir ki, siyasətçi bu planları barədə “Marianne” jurnalına müsahibəsində bildirib.
“Mən hazırlaşıram. Prezident seçkilərində çox böyük, tarixi əhəmiyyət kəsb edən məsələlər ortadadır. Təkcə Fransa üçün deyil, həm də onun hüdudlarından kənarda”, — deyə siyasətçi qeyd edib.
Olland dünyada parçalanmanın, Avropada çaşqınlığın hökm sürdüyünü və demokratiyaya qarşı təhdidlərin olduğunu bəyan edib. O, həmçinin sağçı “Milli Birlik” (Rassemblement National) partiyasının növbəti seçkilərdə qələbə qazanmağa can atdığına diqqət çəkib.
Sabiq dövlət başçısı vurğulayıb ki, onun siyasi fəaliyyəti 2027-ci ildən sonra da davam edəcək.
Xatırladaq ki, Fransua Olland 2012-ci ildən 2017-ci ilə qədər Fransa prezidenti vəzifəsini icra edib. Onun prezidentlik dövrü Beşinci Respublika tarixinin ən uğursuz dövrlərindən biri kimi yaddan qalıb; belə ki, 2017-ci ildə səlahiyyət müddətinin sonuna yaxın onun xalq arasındakı reytinqi rekord dərəcədə aşağı düşərək cəmi 4% təşkil etmişdi.