Gəncəbasar zonasında tenderləri udan şirkət kimindir? –10 aya 580 minlik sifariş

Yevlax Şəhər İcra Hakimiyyətinə tabeli qurum Yevlax Şəhər Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) “Safari” MMC ilə toplam maliyyə dəyəri 194 173 AZN təşkil edən iki satınalma müqaviləsi imzalayıb.

Azpost.info xəbər verir ki, müqavilələrin birində əkin materiallarının, mineral,üzvi kübrələr və kimyəvi dərman pereparatlarının, digərində isə məişət tullantılarının toplanması üçün xüsusi konteynerlərin satın alınması nəzərdə tutulur. “Safari”MMC 8 iyun 1999-cu ildə qeydiyyata alınıb.

Nizamnamə kapitalı 20 AZN-dir. Şirkətin hüquqi ünvanı Qusar rayonu, Qusar şəhəri, Şərifov küçəsi, ev 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Verdixanov Mübariz Eygün oğludur.

“Safari” MMC ilə bağlı apardığımız araşdırma zamanı məlum olub ki, şirkət əsasən Gəncə, Yevlax, Daşkəsən və Samux rayonlarının keçirdiyi tenderlərin qalibi olur. Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatlardan görünür ki, “Safari” MMC ötən ilin mayından indiyə qədər Gəncə, Yevlax, Samux və Daşkəsənin dövlət qurumlarından toplam olaraq 580 005 AZN dəyərində sifariş alıb.

24 ildir fəaliyyət göstərən, açıq mənbələrdə barəsində heç bir məlumat olmayan şirkətin Gəncəbasar zonasında keçirilən tenderlərin dəyişməz qalibi olması diqqət çəkir. Üstəlik  “Safari” MMC-nin qanuni təmsilçisi Mübariz Verdixanovun adının daha iki şirkətin reyestr məlumatlarında qanuni təmsilçi kimi qeyd olunur.

Məlumat üçün deyək ki, Mübariz Verdixanov “Safari” MMC-dən başqa “Safari Bak Upak” MMC və “Pioneer” MMC-nin qanuni təmsilçisidir. “Safari Bak Upak” MMC-nin təsisçiləri keçmiş deputat Asya Manafovanın qardaşı Mikayıl Manafov və keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırovdur. Bu məlumat bir neçə il əvvəl yayılıb və indiyə qədər təkzib olunmayıb.

Abbas

Əvvəlki məqalə

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Sonrakı məqalə

“Şərq-Bazarı” ilə bağlı qalmaqal böyüyür –