“Dağlıq Qarabağ problemi təkcə Azərbaycan üçün deyil, bütün region üçün ağrılı münaqişədir və artıq 30 ildən artıqdır ki, mövcuddur”.
Bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşündə bildirib.
O qeyd edib ki, Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması və 1 milyon qaçqının mövcudluğu çox böyük problemdir: “Münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, NATO-nun, AŞPA-nın, ATƏT-in qəbul etdiyi sənədlər bu gün də icra olunmamış qalır. Ermənistan bu beynəlxalq təşkilatları saymır və təəssüf ki, Ermənistana beynəlxalq birlik tərəfindən adekvat reaksiya göstərilmir. 1994-cü ildə atəşkəs haqqında Bişkekdə razılaşma imzalanmasına baxmayaraq atəş demək olar ki, bir gün də kəsilməyib. Bu atəşlər nəticəsində dinc əhali, yaşlılar, uşaqlar qətlə yetirilir.
Ermənistanın sonuncu ən təhlükəli təxribatı isə bu il iyulun 12-də baş verdi. Bu ona görə çox təhlükəli idi ki, bu hadisələr Qarabağda yox, Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu hissəsində baş verdi. Nəticədə hərbi qulluqçular, dinc əhali həlak oldu, dağıntılar baş verdi. Bu təxribatlar bu gün də davam edir və Müdafiə Nazirliyinin məlumatına görə, dünən də Azərbaycanın bir hərbi qulluqçusu həlak olub. Hadisələrin gedişatı onu göstərir ki, Ermənistan böyük müharibəyə hazırlaşır. Münaqişənin həlli ilə məşğul olan Minsk qrupunun həmsədri kimi biz Rusiyanın problemin tezliklə aradan qalxmasında səylərini artıracağına ümid edirik”.