General Rövşən Əkbərovun oğlu məhkəmədə vəkil Elçin Sadıqova hücum edib

01 Sentyabr 2021 - 15:55
Tanınmış vəkil Elçin Sadıqov hazırda məhkəməsi keçirilən general Rövşən Ələkbərovun oğlunun hücumuna məruz qalıb.
Bu barədə Elçin Sadıqov ölkə başçısı İlham Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə yazdığı açıq müraciətdə məlumat verib.
“General Rövşən Əkbərovun təqsirləndirildiyi cinayət işi üzrə öldürülmüş Əliyev Elçin Fəday oğlunun hüquqi varisi Əliyev Fədayın hüquqlarını müdafiə edirəm. Məhkəmə prosesində Rövşən Əkbərovun əməlinin ifşa olunması üçün faəliyyət göstərdiyimə görə məhkəmə iclaslndan çıxarkən Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində pilləkanın qarşısında Rövşən Əkbərovun oğlu (mətbuatdan öyrəndim ki, adı Telmandır) mənə hücum etdi. Onun qarşısını digər şəxslər aldı.
Bununla bağlı məhkəmənin kamera yazısından başqa məndə də sübut vardır.
Xahiş edirəm ki, general Rövşən Əkbərovun oğlunun bu gün Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində mənə hücum etməsi faktını xüsusi nəzarətə götürərək, Rövşən Əkbərovun oğlunun məsuliyyətə cəlb edilməsinə göstəriş verəsiniz”, deyə vəkil müraciətində qeyd edir.