Gmail
ABŞ-dan və digər ölkələrdən iri miqyaslı texniki nasazlıqlarla bağlı yeni məlumatlar daxil olur. İstifadəçilər Gmail, Marriott, Outlook və Microsoft 365 xidmətlərində problemlərlə üzləşdiklərini bildirirlər.
Eyni zamanda Apple şirkətinin App Store, iCloud, Apple Pay və müştəri dəstəyi daxil olmaqla bir sıra xidmətlərinin işində nasazlıqlarla bağlı şikayətlərin sayı kəskin artıb.
ABŞ-da bank xidmətləri də sıradan çıxıb
Daha əvvəl xəbər verildiyi kimi, ABŞ-ın bir sıra iri banklarının işində də nasazlıq yaranıb. Müştərilər onlayn bank xidmətlərindən istifadə edə, hesablarındakı balansı yoxlaya və pul köçürmələri həyata keçirə bilmirlər. Zelle vasitəsilə pul köçürmələrində və bankomatların işində də problemlər qeydə alınır.
Nasazlıqlar minlərlə aviareysin ləğvinə və ya gecikməsinə səbəb olan genişmiqyaslı aviasiya böhranından bir neçə gün sonra baş verib. Bank sistemlərindəki problemlərin səbəbi hələ müəyyən edilməyib. Maliyyə qurumları tərəfindən də hadisə ilə bağlı vahid izahat verilməyib.
Minlərlə aviareys ləğv edilmişdi
Aviasiya sistemindəki məhdudiyyətlər dörd saatdan çox davam edib. Bu müddət ərzində minlərlə aviareys ləğv olunub və ya gecikib. Nasazlığın təsirləri sonrakı günlərdə də hiss edilib.
ABŞ-ın nəqliyyat naziri Şon Daffi hadisəni infrastrukturun köhnəlməsi və şəbəkənin modernləşdirilməsi zamanı avadanlıqların həddindən artıq yüklənməsi ilə əlaqələndirib.
Rəsmilər kiberhücuma dair hər hansı əlamət aşkar etmədiklərini bildiriblər.
