Qubada səhər saatlarından müşahidə olunan güclü külək yollarda problem yaradıb.
APA-nın Şimal bürosunun məlumatına əsasən, Bakı-Quba avtomobil yolunun Quba rayonunun Qaraçay kəndindən keçən hissəsində küləyin təsiri ilə iri ağac yola düşüb.
Ağacın aşması nəticəsində yolun hərəkət zolaqlarından biri bağlanıb. Hazırda nəqliyyatın keçidi yolun digər hissəsi ilə təmin edilir və hərəkət yol polisi əməkdaşlarının nəzarəti altında tənzimlənir.
Ərazidə yaranmış vəziyyətin aradan qaldırılması üçün müvafiq işlər görülür.