Azərbaycanda yaşa görə əmək pensiyası alan vətəndaş pensiyaya çıxdıqdan sonra işləməyə davam edə bilər.

Üstəlik, onun əmək fəaliyyəti pensiya hüququna mənfi təsir göstərmir: pensiyası tam ödənilir, işlədiyi müddətdə isə fərdi hesabında əlavə pensiya kapitalı toplanır. Müəyyən müddətdən sonra həmin kapital hesabına pensiyanın məbləği yenidən hesablanaraq artırıla bilər.

Bəs işləyən pensiyaçının pensiyası nə vaxt və hansı qaydada artırılır? İşdən çıxmaq məcburidirmi? Altı il tamam olmadan işdən ayrılan şəxsin pensiyası necə hesablanır?

“Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsi bu məsələləri tənzimləyir.

Yaşa görə pensiya alan şəxs işləyirsə, pensiyası kəsilirmi?

Yaşa görə əmək pensiyası təyin edilmiş şəxs işləməyə davam etdikdə pensiyasını tam həcmdə almaq hüququnu saxlayır. Eyni zamanda, əmək fəaliyyəti dövründə onun fərdi hesabında məcburi dövlət sosial sığorta haqları hesabına əlavə pensiya kapitalı toplanır. Başqa sözlə, şəxs həm əməkhaqqı, həm də pensiya ala bilər. Qanunvericiliyə əsasən, pensiya təyin edildikdən sonra toplanan kapital gələcəkdə pensiyanın yenidən hesablanması zamanı nəzərə alınır.

Pensiya nə vaxt artırılır?

Yaşa görə əmək pensiyası alan şəxs pensiyaya çıxdıqdan sonra işləməyə davam edərsə, iki halda pensiyası yenidən hesablanır:

-Pensiyaçı işlədiyi müddətdən sonra işdən azad olunaraq işləməyən pensiyaçı kateqoriyasına keçdikdə;

-Pensiya təyin edildikdən və ya sonuncu yenidən hesablanmadan sonra 6 il işlədikdə.

Əsas yenilik ondan ibarətdir ki, altı illik iş müddəti tamamlandıqda pensiyanın yenidən hesablanması avtomatlaşdırılmış qaydada həyata keçirilir. Bunun üçün pensiyaçının ayrıca müraciət etməsinə ehtiyac yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu mexanizm 2025-ci ilin sonundan tətbiq olunur. 2026-cı ilin fevralında nazirlik yaşa görə pensiya təyin edildikdən sonra altı il işləyən şəxslərin pensiyalarının avtomatik artırıldığını açıqlayıb.

Pensiyaya əlavə nə qədər hesablanır?

Pensiyanın artım məbləği şəxsin pensiyaya çıxdıqdan sonra fərdi hesabında topladığı pensiya kapitalından asılıdır. Ümumi qaydaya görə, altı il ərzində toplanmış kapital 72-yə bölünür. Alınan məbləğ mövcud pensiyanın üzərinə əlavə edilir.

Məsələn, pensiyaçı altı il işlədikdən sonra fərdi hesabında 7 200 manat əlavə pensiya kapitalı toplayıbsa, bu məbləğ 72-yə bölünür:

7 200 ÷ 72 = 100 manat.

Bu halda onun aylıq pensiyasına 100 manat əlavə hesablanır.

Burada nəzərə alınmalıdır ki, hesablamada qanunvericiliyə uyğun olaraq fərdi hesabda qeydə alınan pensiya kapitalı əsas götürülür. DSMF-nin izahına görə, məcburi dövlət sosial sığorta haqlarının 90 faizi bu hesablamada nəzərə alınır.

Altı il tamam olmadan işdən çıxan pensiyaçının pensiyası necə hesablanır?

Pensiyaçı altı il tamam olmadan işdən ayrılarsa, onun pensiyası yenidən hesablana bilər. Bu zaman pensiya təyin edildikdən sonra işlədiyi müddətdə topladığı kapital nəzərə alınır. Hesablama zamanı 144 aydan şəxsin pensiyaya çıxdıqdan sonra işlədiyi ayların sayı çıxılır. Toplanmış pensiya kapitalı isə qalan ayların sayına bölünür.

Məsələn, şəxs pensiyaya çıxdıqdan sonra 2 il işləyib və bu müddətdə fərdi hesabında 2 300 manat pensiya kapitalı toplanıbsa, 144 aydan 24 ay çıxılır. Nəticədə 120 ay qalır.

2 300 manat 120-yə bölünür və alınan məbləğ onun aylıq pensiyasına əlavə olunur.

Bu qayda DSMF-nin rəsmi izahında da nümunə ilə göstərilib.

Əlilliyə görə pensiya alanlar üçün qayda fərqlidir

Əlilliyə görə əmək pensiyası alan şəxslərin işləməsi ilə bağlı yenidən hesablama qaydası yaşa görə pensiya alanlardan fərqlənir.

Belə ki, əlilliyə görə pensiya alan şəxs işləməyə davam etdikdə pensiyanın təyin olunduğu günədək qazanılmış məbləğ tam ödənilir. İşlədiyi müddətdə topladığı pensiya kapitalı isə işdən azad olunaraq işləməyən pensiyaçı kateqoriyasına keçdikdə yenidən hesablamada nəzərə alınır.

Yəni bu kateqoriyaya aid şəxslər üçün yaşa görə pensiyaçılarda olduğu kimi, altı il işlədikdən sonra avtomatik yenidən hesablama qaydası tətbiq edilmir.

Pensiyaçılar nəyi bilməlidir?

Azərbaycanda yaşa görə əmək pensiyası alan şəxsin işləməyə davam etməsi onun pensiyasının azalmasına və ya dayandırılmasına səbəb olmur. Əksinə, əmək fəaliyyəti dövründə əlavə pensiya kapitalı toplandığı üçün gələcəkdə pensiyanın artırılması imkanı yaranır.

Ən vacib məqam isə budur: pensiya təyin edildikdən sonra altı il işləyən şəxsin pensiyası avtomatik yenidən hesablanır. Bunun üçün işdən çıxmaq və ya ayrıca müraciət etmək tələb olunmur.

Samir Abdulla