Gürcü müxalifəti axşam Tiflisdə etiraz aksiyası təyin etdi –

"Seçkilər saxtadır, qələbəmiz oğurlanıb"
31 Oktyabr 2021 - 14:12
Gürcüstanın müxalifət partiyası olan “Milli Hərəkat Partiyasının sədri Nika Meliya ötən gün seçkilərin total saxtakarlıqla keçirildiyini bəyan edib. 
Azpost.info bildirir ki, Meliya tərəfdarlarını Tiflisin mərkəzinə etiraz aksiyasına çağırıb. “Milli Hərəkat” meydanda müxalifətin sonrakı hərəkət planını açıqlayacaq.
Meliya seçkilərdə Tiflis meri uğrunda mübarizədə Kaxa Kaladzeyə məğlub olub. MSK artıq ilkin nəticələri elan edib.
“Dünən mübarizə bitmədi, mübarizə başladı. Özünə hörmət edən heç bir vətəndaş baş verənlərlə barışmaq niyyətində deyil. Dinc və qəti şəkildə mübarizəyə hazırlaşır”-deyə Meliya brifinqdə bildirib.
Onun sözlərinə görə, seçkilər total zorakılıq və saxtakarlıq şəraitində keçib.
“Milli Hərəkat” Partiyası axşam saat 19.00-da parlament qarşısında təyin etdiyi aksiyada gələcək addımlarını bəyan edəcək.
“Sizi axşam saat 7-də Rustaveli prospektində gözləyirik. Heç kimdə illyuziya yaranmasın ki, bu zorakı və saxta seçkilər, oğurlanmış qələbə İvanaşvili hakimiyyətinin xeyrinə nəticələnəcək. Axşam biz aksiyada konkret planı sizə açıqlayacağıq”-deyə Meliya vurğulayıb.