Gürcüstanda karantin sərtləşdirildi –

Avtobus və metronun fəaliyyəti dayandırıldı
14 Avqust 2021 - 09:55

Gürcüstanda epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar bu gündən bir sıra məhdudiyyətlərin tətbiqinə başlanılıb.

Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, avqustun 14-dən sentyabrın 4-dək şəhərlərarası nəqliyyat istisna olmaqla bütün ölkə ərazisində bələdiyyəyə məxsus avtobusların və metronun fəaliyyəti dayandırılıb.

Şəhərdaxili avtobuslardan yalnız vətəndaşların əsas vaksinasiya mərkəzlərinə daşınması üçün istifadə ediləcəyi bildirilib. Eyni qərarla uşaq əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılıb, idman yarışları, festivallar, konsertlər və digər kütləvi əyləncə proqramları təxirə salınıb. Bundan başqa, qarşıdakı 3 həftə ərzində iaşə obyektlərinin saat 23:00-dan 05:00-dək icazə verilməyəcək.

Qeyd edək ki, Gürcüstanda yeni növ koronavirusun (COVID-19) dördüncü dalğası pik həddə çatıb. (APA)