Gürcüstanda seçkilərin ikinci turu keçirilir –

Prezident "düşməni sevindirməməyə" çağırıb
30 Oktyabr 2021 - 11:53

Gürcüstanda yerli özünüidarəetmə seçkilərinin ikinci turu keçirilir.

Azpost.info InterPress.ge-yə istinadən xəbər verir ki, ikinci turun nəticələri əsasında 5 böyük şəhərin (Tbilisi, Rustavi, Batumi, Kutaisi, Poti) və 15 bələdiyyənin meri, həmçinin 24 seçki dairəsi üzrə şəhər şuralarına (sakrebulo) 42 majoritar deputat müəyyənləşdiriləcək.

Seçkilərin ikinci raundunda mübarizə əsasən sabiq Prezident Mixeil Saakaşvilinin dəstəklədiyi müxalif “Vahid Milli Hərəkat” partiyası ilə hakim “Gürcü Arzusu” partiyası arasında gedir.

Qaydalara əsasən, 50%-lik seçki baryerini keçən namizədlər qalib elan olunacaqlar. Seçkilərin ikinci raundunda ümumilikdə 2 milyon 88 min 722 nəfər Gürcüstan vətəndaşının səsvermə hüququ olduğu bildirilib.

Gürcüstan prezidenti Salome Zurabişvili seçkilərdə iştirak edib.

O, səsvermə prosedurundan sonra jurnalistlərə açıqlamasında ölkədə sakitliyin bərqərar olmasına, birliyi öyrənməyə ehtiyac olduğunu deyib.

“Siz və biz hamımız birliyi, sülhü, əmin-amanlığı birlikdə öyrənməliyik. Mən buna səs verdim. Ümid edirəm ki, bu seçkiqabağı dövrdə və əvvəlki dövrdə gördüyümüz bu qütbləşmə sona çatacaq, yoxsa, bundan ancaq qonşumuz həzz alacaq”, – Salome Zurabişvili bildirib.

Özünüidarəetmə orqanlarına seçkilərin ikinci turunda saat 10:00-a olan məlumata görə, məntəqələrdə seçici fəallığı 7,38 faiz təşkil edib ki, bu da ümumilikdə 154 min 163 nəfər təşkil edib.

Bu barədə Mərkəzi Seçki Komissiyası məlumat verib.

Regionlar üzrə ən yüksək aktivlik Raça-Leçxumidə – 9,2%, ən aşağı isə Mçxeta Mtianetidə 5,1% müşahidə olunub.