Gürzə zəhərinin COVİD-ə qarşı effektiv təsiri məlum oldu –Alimlərin araşdırması yeni ümidlər yaradıb

ABŞ-ın “Reuters” agentliyinin internet səhifəsində “Yeni araşdırma: Braziliyadakı gürzə ilanının zəhəri COVİD-lə mübarizədə yararlı ola bilər” başlıqlı yazı dərc edilib. Yazının müəllifi Leonardo Benassattodur. Novator.az saytı yazını ingiliscədən çevirib.
Azpost.info məqaləni oxucuların diqqətinə çatdırır.

Braziliyalı tədqiqatçıların araşdırmasına görə, gürzə ilanının zəhərindəki molekul meymun hüceyrələrində koronavirusun çoxalmasının qarşısını alır. Bu, COVİD-19 infeksiyası əleyhinə dərmanın hazırlanmasında ilk addım ola bilər.

Araşdırmanın nəticəsi “Molecules” jurnalında dərc olunub. Bildirilir ki, gürzələr fəsiləsinə aid cararakussu (Jararacussu) zınqırovlu ilanının ifraz etdiyi molekul meymun hüceyrələrində virusun çoxalmasını 75 faiz əngəlləyir.

Araşdırmanın müəllifi, San-Paulu Universitetinin professoru Rafael Quido deyir: “Biz ilan zəhərinin bu komponentinin virusun çox əhəmiyyətli bir proteinini əngəllədiyini sübut edə bilmişik”.

Araşdırmada vurğulanır ki, cararakussunun ifraz etdiyi, peptid və ya amin turşuları zəncirindən ibarət molekul koronavirusun çoxalmasında çox vacib rol oynayan “PLPro” adlı fermentlə əlaqə qura bilir, həm də bu zaman başqa hüceyrələrə zərər vurmur.

Professor Rafael Quido bunları qeyd edərkən onu da diqqətə çatdırır ki, antibakterial özəllikləri əvvəllər də məlum olan peptidləri yalnız laboratoriya şəraitində sintez etmək mümkündür, ona görə kimlərinsə həmin peptidləri əldə etmək üçün ilanları tutması və ya öldürməsi tamamilə yersiz hərəkətdir.

San-Pauludakı Butantan İnstitutunun bioloji kolleksiyasının rəhbəri, herpetoloq Cüzeppe Puorto da Braziliyada insanların cararakussu ovuna çıxmasından narahatlığını ifadə edir: “Dünyanı xilas edəcəklərini düşünən həmin insanlara səslənirik – məsələ siz bilən kimi deyil. Koronavirusu müalicə edəcək ilan zəhərinin özü deyil, ondan alınan molekuldur”.

Araşdırmaya cəlb olunan San-Paulu Dövlət Universiteti bəyan edir ki, tədqiqatçılar bundan sonra molekulun fərqli dozalarının effektivliyini və virusun hüceyrələrə keçməsinin qarşısını ala bilib-bilməyəcəyini qiymətləndirəcəklər.

Tədqiqatçılar bu maddəni insan hüceyrələrində sınaqdan keçirəcəklərinə ümid edirlər, lakin bunu nə vaxt edəcəklərini hələ açıqlamayıblar.

Braziliyanın ən iri ilanlarından sayılan cararakussunun uzunluğu 2 metrə qədərdir. Cararakussu Braziliyada Atlantik meşələrində yaşayır. Bu növ ilana Boliviya, Paraqvay və Argentida da rast gəlinir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda 15 direktorun iş yeri digər məktəbə dəyişdirilib

Sonrakı məqalə

Bu ölkələrdə orta pensiyanın məbləği nə qədərdir? –