Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
“Report”un xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsininin hakimi Polad Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmünə əsasən, Ə.Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2021-ci il tarixdən hesablanıb.
Bundan başqa, təqsirləndirilən şəxsin “daxili xidmət general mayoru” ali-xüsusi rütbəsindən, “polis general-leytenantı” ali-xüsusi rütbəsindən, “general leytenant” ali hərbi rütbəsindən və “Azərbaycan Bayrağı” ordenindən mərhum edilməsi üçün həmin rütbələri və dövlət təltiflərini vermiş müvafiq orqana təqdimat göndərilib.
Hökmdən narazı qalan məhkum Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinə müraciət edib. Məhkəmə onun şikayətini təmin etməyib.
Ə.Əhmədovun barəsində Cinayət Məcəlləsinin 179.4-cü, 308.2-ci, 308-1.2-ci, 311.3.2-ci, 311.3.3-cü və 341.2.3-cü maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Ə.Əhmədov 2017-ci ilədək Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb.