“Vaksin vurduran insan yaxınları üçün təhlükəli ola bilməz, bu, heç cür mümkün deyil. Amma bir şeyi hər kəs bilməlidir, vaksini vuran kimi adamı qorumur”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
Onun sözlərinə görə, bu, yeni bir şey deyil, və sadəcə “CoronaVac” vaksininə aid olunmur: “Bu, ümumi vaksinasiya prinsipidir. Vaksinasiya aparılır, bir müddətdən sonra insan orqanizminə yeridilmiş preparata qarşı anti-cisimlər, qoruyucu maddələr əmələ gəlməyə başlayır. Bu, vaksinasiya, yəni aktiv immunizasiyanın ümumi prinsipidir, həmişə belə olub. Mən uzun illər vaksinlərlə işləmişəm və bəlkə də heç adlarını heç eşitmədiyiniz xəstəliklərə qarşı xaricdə işləyən və oxuyan vətəndaşlara vaksinasiya aparmışam. Hər zaman onlara bir şeyi təkrarlamışam, uçuşa bir gün qalmış gəlib peyvənd vurdurmağın xeyri yoxdur, çünki o sizi qorumayacaq. Peyvəndi 1-2 ay öncədən vurdurmaq lazımdır. Buna ona görə deyirəm ki, peyvənd vurdurandan sonra biz yenə də özümüzü qorumağa davam etməliyik.
Bildiyiniz kimi, bu peyvənd iki dozadan ibarətdir. Qorunmaya ciddi şəkildə davam etmək lazımdır ki, nə sizin, nə də ölkəmizin çəkdiyi əziyyəti itirməyək. Düzdür, belə məlumat var ki, birinci dozanı vurduranlar xəstəliyi yüngül keçirir, peyvəndin bəlli bir qoruyuculuğu olur, amma tam istədiyimiz nəticəni almaya bilərik. Ona görə də hamımız bu məsələyə ciddi yanaşmalıyıq. TƏBİB və Səhiyyə Nazirliyi bu prosesə çox ciddi hazırlaşır, məntəqələrdə hazırlıq işləri gedir, elektron qeydiyyat sistemi e-TƏBİB sistemi üzərindən aparılacaq. Ölkənin istənilən yerində vurulan hər bir peyvənd mütləq qeydiyyat sisteminə düşəcək”.(APA)