Əli Şərbətov Məşədi Dadaş məscidinə imam təyin edilib.
bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Sədr məscidə yeni təyinatların olacağını da deyib: “Bundan başqa, oraya yenə əlavə təyinatlar olacaq. O cümlədən, məscidə qadın dini ayinlərinin icraçısı da təyin ediləcək”.
Mübariz Qurbanlı yeni imamın məsciddə bu gün təqdim olunacağını vurğulayıb.
Mübariz Qurbanlı sosial şəbəkədə Məşədi Dadaş məscidi ətrafında gedən müzakirə və söz-söhbətlərə münasibət bildirib.
Sədr jurnalistlərə açıqlamasında bildirib ki, sözügedən mövzuda sosial şəbəkədə gedən məlumatlar yanlışdır: “Deyirlər ki, Məşədi Dadaş icması oradan çıxarılıb və s. Bu fikirlər yanlışdır. Hazırda icmanın sədri də, üzvlər də Məşədi Dadaş məscidindədirlər. Məsciddəki icma vaxtilə 11 nəfərlə qeydiyyatdan keçib. İndiki qayda ilə isə 50 nəfərlik bir icma heyəti olacaq”, – o, əlavə edib.
Mübariz Qurbanlı məsciddən gedən adamların mərhum Hacı Şahinin ətrafında olan adamlar olduğunu qeyd edib: “Bu adamların hüquqi baxımdan Məşədi Dadaş məscidinə heç bir aidiyyəti yox idi. Onlar bundan sonra bir vətəndaş kimi icmanın formalaşmasında iştirak edə bilərlər. Amma faktiki olaraq, məscidin icması yerindədir və fəaliyyət göstərir”.