Heydər Əliyev və demokratik, hüquqi dövlət quruculuğu

Müasir hüquq sisteminin qurulması və inkişaf etdirilməsi Ümummilli liderin milli dövlətçilik konsepsiyasında xüsusi və mərkəzi yer tuturdu

Ümummili lider Heydər Əliyevin Azərbaycanın milli dövlətçiliyinin inkişafına verdiyi töhfələr misilsizdir və onun irsi bu gün də etibarlı bünövrə kimi çıxış edir. Azərbaycanda  hüquqi dövlət quruculuğu  Ümummili lider Heydər Əliyevin adı ilə bağlıdır, müasir hüquq sisteminin qurulması və inkişaf etdirilməsi onun dövlətçilik konsepsiyasında xüsusi və mərkəzi yer tuturdu. Azərbaycanın hüquq sisteminin müxtəlif aspektlərinin, o cümlədən konstitusiya hüququn inkişafı, insan hüquqlarının müdafiəsi, konstitusiya nəzarəti, demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni üçpilləli məhkəmə sisteminin formalaşması, milli qanunvericiliyin təkmilləşməsi, Avropa standartlarına cavab verən yeni qanunların qəbul edilməsi prosesi Ümummili liderin  genişmiqyaslı hüquqi islahatlarının tərkib hissəsi idi. 1993-cü ildə ulu öndərimiz qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdi: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.

Ümumilli lider 1990-cı illərdən başlayan və Ulu öndərin hakmiyyətə qayıdışına qədər cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoyulması məqsədilə ilk növbədə qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsini əsas vəzifə kimi qarşıya qoydu. Çünki, qanunçuluq və hüquq qaydası mühüm sosial dəyərlər kimi ictimai və dövlət həyatında özbaşınalığın, sui-istifadə hallarının, sosial ziddiyyətlərin qarşısını alır, ümumilikdə cəmiyyəti xaos və anarxiyadan, zorakılıqdan qoruyur. Bu məqsədlə  “Dövlət – dövlətçiliyi qorumalıdır” fikrini dönə-dönə vurğulayan Heydər Əliyev çox qəti və prinsipial mövqedən çıxış edərək ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi kimi amilləri ön plana çəkdi. Ölkədə geniş vüsət almış cinayətkarlığın bütün ünsürlərinə qarşı qəti mübarizə aparmaq üçün 1994-cü ildə imzaladığı xüsusi Fərman qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı. Hüquq-mühafizə orqanları tərəfindən müvəffəqiyyətlə həyata keçirilən qəti tədbirlər nəticəsində cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoyuldu.

Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev isə hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi.Yeni Konstitusiyanın layihəsinin hazırlanması kimi cox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürən dahi öndərimiz bununla bağlı xüsusi yaradılmış Komissiyaya şəxsən rəhbərlik etmişdir. “Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik” – deyən Ulu öndər Heydər Əliyev bu sahədə bütün problemləri öyrənərək və görkəmli filosoflarının elmi irsinə mükəmməl tətbiq edərək Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını yaratdı.

Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi.

Demokratik tələblərə tamamilə cavab verən bu ali sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixilik qazandı. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynadı. Bununla da Azərbaycanın dünya dövlətləri sırasında özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində ardıcıl fəaliyyətin əsası qoyuldu. 1995-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu.

Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri də BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” memorandum oldu. Həmin memoranduma əsasən, BMT insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması, prosedur və hesabatlar sisteminin təkmilləşdirilməsi, mülki cəmiyyətin inkişafı və digər məsələlər sahəsində Azərbaycan Respublikası hökuməti ilə birgə tədbirlər həyata keçirildi. 1998-ci ilin 22 fevralında ümummilli lider Heydər Əliyev “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzalamış, insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası müəyyən edilmişdir. Bu sənədlə insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır.

Dövlətimizin insan hüquqları sahəsində atdığı ən mühüm addımlarından biri, ölüm cəzasının ləğvi oldu. 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi ulu öndər Heydər Əliyevin böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü bir daha təsdiqləyir.

Qanunvericilik tədbirləri çərçivəsində yeni hüquq sisteminin fəaliyyət göstərməsi üçün Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki Prosessual, Əmək, Ailə, İnzibati Xətalar, Gömrük, Vergi və digər məcəllələri, “Notariat haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən məhkəməyə şikayət edilməsi haqqında” və digər qanunlar qəbul edildi.

Avropa Şurasına üzvlük ərəfəsində Azərbaycan ümumavropa hüquq məkanına inteqrasiya olunmağa başladı. Ölkəmiz 2001-ci il yanvarın 25-də Avropa Şurasına üzv qəbul edildi, Avropa İnsan hüquqları Konvensiyasına qoşuldu və bununla Avropa İnsan hüquqları Məhkəməsinin yurisdiksiyasını qəbul etdi. Azərbaycanın Avropa Şurasının sənədlərinə qoşulması milli qanunvericiliyin təkmilləşməsi, Avropa standartlarına cavab verən yeni qanunların qəbul edilməsi prosesini daha da sürətləndirdi.

Məhz Ümummili liderin başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan hüquq sisteminin inkişafı davamlı prosesə çevrilibr. Həyata keçirilən səmərəli hüquqi islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun tərəfindən imzalanan fərman və sərəncamlar qısa dövr ərzində ölkəmizin dinamik yüksəlişini təmin etmiş və həyata keçirilən islahatlara yeni təkan vermişdir.

Heydər Əliyev ideologiyasina söykənən və Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar, inkişaf streategiyası müasir hərbi-sənaye kompleksinin formalaşdırmağa və Azərbaycanı güclü bir dövlətə çevrilməsini şərtləndirdi.  2020-ci il Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun böyük şücaəti ilə 44 günlük Vətən müharibəsi böyük qələbə ilə başa çatdı. Vətən müharibəsində əldə olunmuş tarixi Zəfər bu gün ulu öndərin vəsiyyətinə ləyaqətlə əməl etmiş cənab İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev ideologiyasina söykənən siyasi kursun yeni keyfiyyətdə və yeni çağırışlar fonunda davamının nəticəsi kimi dəyərləndirilməlidir.

Qönçə Alməmmədova

Ədliyyə Nazirliyi Göygöl rayon qeydiyyat şöbəsinin aparıcı məsləhətçisi,

I dərəcəli ədliyyə qulluqçusu           

Əvvəlki məqalə

“Bakı bu yola hərbi və gömrük postunu qoyacaq” –

Sonrakı məqalə

Azərbaycanda ciddi su problemi yaşanır –