Hicran Hüseynova:Azərbaycan nadir ölkələrdən biridir ki, koronavirusla mübarizədə sistemli siyasət həyata keçirir

 

İki ildən çoxdur ki, bütün dünya gözəgörünməz bir düşmənlə – COVID-19 virusu ilə mübarizə aparır. Hər bir dövlət öz vətəndaşını belə ağır vəziyyətdən minimum itkilərlə çıxarmağa çalışır. Artıq bu prosesin yeni – vaksinasiya mərhələsi başlayıb.

Qeyd etmək lazımdır ki, Azərbaycan nadir ölkələrdən biridir ki, COVID-19-la mübarizədə sistemli və ardıcıl siyasət həyata keçirir. Artıq keçən ilin yanvarın 18-dən etibarən Azərbaycanda peyvəndləmə həyata keçirilir və bu, günədək uğurla davam etdirilir. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində bu istiqamət üzrə Azərbaycan həm də bölgədə ilk sırada dayanan dövlətlərdən biridir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

O bildirib ki, infeksiya hər yeni ştam ilə vəziyyəti daha da mürəkkəbləşdirir. Son məlumatlara görə, hazırda dünyanın 110-dan çox ölkəsində koronavirus infeksiyasının “omikron” ştamı müəyyən edilib. Yanvarın 30-da Almaniyada sutka ərzində yeni COVID-19 infeksiyasına 119 minə yaxın, Rusiyada 121 mindən artıq, Ukraynada 25 minə yaxın, Gürcüstanda 17 min 500-dən artıq yoluxma halı qeydə alınıb. Dünya üzrə ümumi yoluxanların 40 faizi, bəzi yerlərdə isə bir qədər çoxu “omikron” ştamına yoluxan insanlardır.

Artıq Azərbaycanda da koronavirusun “omikron” ştamı geniş yayılmaqdadır. Elmi araşdırmalar da təsdiq edir ki, digər ştamlardan fərqli olaraq onun yoluxduruculuğu daha üstündür. Eyni zamanda, təhlillər göstərir ki, koronavirusun çox sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır.

Azərbaycanda yoluxmaların sayı kəskin artıb. Lakin vəziyyət hələ ki, nəzarətdə saxlanılır.

Deputat virusun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu vurğulayaraq deyib: “Bununla belə, “buster” doza ilə peyvəndləmə immuniteti daha da gücləndirir. Çünki vaksinasiyanın iki mərhələsində iştirak edən vətəndaşın bir müddət sonra COVID-19 əleyhinə immuniteti zəifləyə bilər. Buna görə də hər kəsi üçüncü dəfə qüvvətləndirici doza ilə peyvənd olunmağa çağırıram. Mən özüm artıq “buster” doza peyvənd olunmuşam. Bir çox elmi araşdırmalar göstərir ki, vaksinin “buster” dozası 50 yaşdan yuxarı insanlarda “omikron” ştamına qarşı müdafiəni 95 faiz artırır. Eyni zamanda, vətəndaşlarda yeni ştama görə xəstəxanaya düşmək riskini 88 faiz azaldır. Əhalinin peyvəndlənmə prosesində, xüsusilə də “buster” dozanın vurulmasında aktiv iştirakı ölkədəki epidemioloji vəziyyətin sabit qalmasına öz müsbət təsirini göstərə bilər. Peyvəndlənmə ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına – fiziki məsafə gözlənilməli, tibbi maskalardan istifadə edilməli və gigiyenik qaydalara riayət olunmalıdır. Biz bu qaydalara əməl etməklə həm özümüzü, ailəmizi, həm də ətrafımızda olan insanların sağlamlığını qoruya bilərik”.

Hicran Hüseynova qeyd edib ki, bəzi ölkələrin vətəndaşları bu qaydalara əməl etmir, peyvəndlənmək istəmir, bununla bağlı etiraz aksiyaları keçirirlər. Lakin biz görürük ki, həmin ölkələrdə həm yoluxanların, həm də vəfat edənlərin sayı daha çoxdur. Bu mənada vətəndaşlarımız özünü çox məsuliyyətlə aparır və ölkəmizdə hər hansı bir anti-COVID meyilləri, anti-COVID kampaniyaları yoxdur. Hər kəs anlayır ki, bu virusdan qorunmağın iki yolu var – peyvənd olunmaq və qaydalara əməl etmək. Artıq biz bu virusla yaşamağı öyrənməli, bunu bir həyat tərzi kimi qəbul etməliyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğan:

Sonrakı məqalə

Milli həmrəylik mesajı verən tolerantlıq platforması