Milli həmrəylik mesajı verən tolerantlıq platforması

Prezident İlham Əliyevin sivilizasiyalararası dialoq naminə elan etdiyi “Bakı Prosesi” dünyaya tolerantlıq çağırışlarının ciddi platformasına çevrilib.

2008-ci ilin dekabrında Bakıda keçirilmiş Avropa və ona qonşu regionların Mədəniyyət Nazirlərinin Konfransında irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair  “Bakı Prosesi” islam və Qərb sivilizasiyaları arasında əməkdaşlığın inkişafına öz töhfələrini verir.

2011-ci ildən etibarən isə Bakıda hər iki ildən bir Prezidentin himayəsi altında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları keçirilir. Bu vaxta kimi təşkil olunmuş forumlarda 180-dən çox ölkədən nümayəndə heyəti iştirak edib. “Bakı Prosesi” çərçivəsində forumlarda ümumilikdə 250-dən çox tədbir və layihə həyata keçirilib.

BMT-nin Baş katibi son 3 ildə BMT Baş Assambleyasına  təqdim etdiyi məruzələrində “Bakı Prosesi”ni xüsusi vurğulayaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu mədəniyyətləarası və dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal platforması elan etmişdi.

Zəngin mədəni irsə malik olan Azərbaycan dünyanın mədəniyyətlərarası dialoq məkanına uğurla transformasiya olunur. Azərbaycanın multkultural inteqrasiya üçün çağırışları ölkə daxilində nail olunan milli-dini əməkdaşlığın bazasına söykənir.

Bu baxımdan multkulturial siyasətin mühüm detalı olan tolerantlıq Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas paradiqmalarındandır. Ölkəmizdə dinlərin qarşılıqlı dialoqu, konfessiyalararası münasibətlər vətəndaş cəmiyyətinin əsas davranış prinsiplərindən biri kimi çıxış edir. Bu uğurlu multkultural model qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşdırıb.

Tolerantlıq mühitini qoruyub saxlamaq Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Müxtəlif inanc, mədəni ənənə, siyasi məslək daşıyıcısı olan insanların birliyini ehtiva edən bu model inteqrasiya üçün yeni çağırışlarıdır.

Belə siyasət  Bakıya öz siyasətini qurmağa və siyasi əməkdaşlıq platformasını yaratmağa imkan verir. Azərbaycan bəşəri mesajları ilə həm də problemlərin həll yolunu da təklif edir, qlobal təhlükələrə qarşı mübarizədə özünü fəal tərəfdaş kimi göstərir.

Bu çağırışlar öz növbəsində vətəndaş həmrəyliyini möhkəmlədən sutuna çevrilməklə dövlətin təhlükəsizliyi üçün zəruri faktor kimi çıxış edir.

Cəmiyyətin həmrəyliyi və konfessiyalar arası əməkdaşlıq və birgə yaşam dövlətə qarşı kənar qüvvələrin apardığı paraçalanma cəhdlərinə qarşı sipər yaradır, ölkənin milli təhlükəsizliyinə olan təhdidləri neytrallaşdırır. Çağdaş dövrdə dini dözümsüzlük, birgəyaşayış prinsiplərinin dağıdılması cəhdləri dövlətlər üçün yeni təhdidlər doğurur.

Bu təhdidlərin neytrallaşdırılmasında etnik-dini-mədəni birlik milli təhlükəsizliyin əsas elementlərindən biri kimi çıxış edir.

Aparılan araşdırmalar göstərir ki, tolerantlıq ənənələri güclü olan cəmiyyətlər belə təhlükələrə qarşı davamlı olur və maraqlı güclər burada uğur qazana bilmirlər. Tolerantlıq və vətəndaş həmrəyliyi ideyası ölkənin təhlükəsizliyini təmin edən zəruri faktorlardandır.

Azərbaycanın təhlükəsizliyi burada yaşayan bütün xalqların dinlərinin və ənənələrinin sabit inkişafı deməkdir. Odur ki, tolerantlıq prioritetlərin müdafiəsi vacib məsələlərdəndir. Azərbaycan dünyaya özünün mədəni birgəyaşayış nümunəsini və tolerantlıq ideyalarını təqdim etməklə bu gün dünyanı öz girdabına salmış milli və dini ksenofobiyanın acı gerçəkliyinə qarşı humanist mesajını ortaya qoyur.

Vətən Müharibəsində dünya Azərbaycandakı bu unikal həmrəyliyin bir daha şahidi oldu.

R. Vahidqızı

Yazı MEDİA Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hicran Hüseynova:

Sonrakı məqalə

Keçən il Gürcüstanda ÜDM istehsalı 10,6 faiz artıb