Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat xidməti Hikmət Hacıyevlə Armen Qriqoryan arasında baş tutan görüşə dair bəyanat yayıb.
Bildirilib ki, Şarl Mişelin diplomatik müşavirləri Simon Mordue və Maqdalena Qrononun ev sahibliyi etdiyi görüşdə Almaniya Kanslerinin siyasi müşaviri Yens Plötner və Fransa Prezidentinin siyasi müşaviri Emmanuel Bonno, həmçinin Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar iştirak edib.
Qeyd olunub ki, Şarl Mişel də qısa fikir mübadiləsi üçün iştirakçılara qoşulub.
Vurğulanıb ki, Aİ iştirakçıları bölgədəki hazırkı vəziyyətə və yerli əhalinin təcili ehtiyaclarının qarşılanmasına hədəflənmiş müxtəlif səylərə dair fikir mübadiləsi aparmağa dəvət edib.
Qeyd olunub ki, Aİ bütün bu hadisələri yaxından izləyir və toqquşmaların mülki əhaliyə təsirlərinin aradan qaldırılmasına yardım üçün ən yüksək səviyyədə fəaliyyət göstərir.
Bəyanatda qeyd olunub ki, Aİ bu kontekstdə Azərbaycanın ötən həftə həyata keçirdiyi hərbi əməliyyatına dair mövqeyini bir daha vurğulayıb.
Əlavə olunub ki, Hikmət Hacıyev yerli əhali üçün humanitar yardımın göstərilməsinə, həmçinin onların təhlükəsizliyinin təmin edilməsinə dair Azərbaycanın planlarını diqqətə çatdırıb.