Hörmüz boğazı yenidən açılır?– İran və Oman tarixi razılaşmanın astanasında

İran Hörmüz boğazında dəniz ticarətinin bərpası ilə bağlı Omanla mühüm razılaşmaya yaxınlaşıb. Bu barədə “The New York Times” qəzeti İran və ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Mümkün razılaşmaya əsasən, Fars körfəzinə daxil olan gəmilər İranın nəzarət etdiyi və ölkə sahillərinə yaxın gəmiçilik kanalından, körfəzdən çıxan gəmilər isə Oman sahillərinə yaxın marşrutdan istifadə edəcək.

Məlumata görə, İran rəsmiləri keçid üçün ayrıca rüsum tətbiq olunmayacağını bildiriblər. Bununla belə, naviqasiya xidmətləri, ətraf mühitin qorunması, yük gəmiləri və tankerlərin təhlükəsizliyi, eləcə də ekipaj xərclərini əhatə edən “xidmət haqqı” nəzərdə tutulur. Əldə ediləcək gəlirin İran və Oman arasında bərabər bölüşdürülməsi planlaşdırılır.

Lakin ABŞ administrasiyası bu məlumatlara fərqli yanaşır. Qəzetə danışan amerikalı rəsmi bildirib ki, Hörmüz boğazından istifadə edəcək müvəqqəti gəmiçilik marşrutları Tehranın təsdiqini tələb etməyəcəkheç bir rüsum tətbiq olunmayacaq.

Nəşrin yazdığına görə, Pentaqonun bəzi yüksəkvəzifəli nümayəndələri təklif olunan razılaşmaya ehtiyatla yanaşır. Onlar hesab edirlər ki, bu addım İrana güzəşt kimi qiymətləndirilə bilər.

Bununla yanaşı, İran daxilində də tərəddüdlər var. Qəzet qeyd edir ki, bəzi İran rəsmiləri razılaşmanın tam şəkildə həyata keçiriləcəyinə və bunun ABŞ-la mümkün yeni hərbi eskalasiyanın qarşısını alacağına şübhə ilə yanaşırlar.

Hörmüz boğazı dünya neft ticarətinin əsas marşrutlarından biri hesab olunur. Burada əldə olunacaq hər hansı razılaşma qlobal enerji bazarlarına, neft qiymətlərinə və beynəlxalq dəniz daşımalarına ciddi təsir göstərə bilər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.